Finlandiya məhkəməsi sualtı kabelləri zədələməkdə təqsirli bilinən azərbaycanlı dənizçini 2 il 10 ay həbs edib
Helsinki Dairə Məhkəməsi “Fitburg” gəmisinin bosmanı Vüsal Məcidovu 2 il 10 ay, kapitan Andrey Maksimenkonu isə 3 il 6 ay azadlıqdan məhrum edib.

Helsinki Dairə Məhkəməsi noyabrın 5-də “Fitburg” yük gəmisinin bosmanı, Azərbaycan vətəndaşı Vüsal Məcidovu Finlandiya körfəzində sualtı rabitə kabellərinin zədələnməsi işi üzrə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə gəminin kapitanı, Rusiya vətəndaşı Andrey Maksimenkoya isə 3 il 6 ay həbs cəzası verib. Hər iki şəxs 2025-ci il dekabrın 31-də Finlandiya körfəzində sualtı rabitə kabellərinə qəsdən ciddi ziyan vurmaqda – ağırlaşdırılmış təxribatda təqsirli bilinib və onlara real həbs cəzası təyin edilib.
İstintaq materiallarına əsasən, “Fitburg” gəmisinin lövbəri və lövbər zənciri bir neçə saat ərzində dənizin dibində təxminən 130 kilometr sürüklənib. Nəticədə iki sualtı telekommunikasiya kabeli zədələnib. Daha yeddi rabitə və elektrik kabelinin, eləcə də bir qaz kəmərinin zədələnməsi təhlükəsi yaranıb.
Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxslər gəmi dənizdə hərəkət edərkən lövbərin aşağıda olduğunu bilməli idilər. Məhkəmə işə baxmaq səlahiyyətinin olduğunu da bildirib və cinayətlərin qəsdən törədildiyini, nəticələrinin Finlandiyada hiss olunduğunu qeyd edib. Kapitan və bosman cinayət törətmədiklərini bildirib, ittihamların rədd edilməsini istəyiblər. Hökm qəti deyil və ondan şikayət verilə bilər.
Məhkəmə prosesi 2026-cı il sentyabrın 8-də başlamışdı. İki şəxs ağırlaşdırılmış təxribat və rabitə şəbəkələrinin işinə ağırlaşdırılmış müdaxilədə ittiham olunurdu. Prokurorluq onlar üçün ən azı iki il yarım həbs cəzası tələb etmişdi. İttiham tərəfinin sözlərinə görə, kabellər Estoniyanın müstəsna iqtisadi zonasında zədələnib, zərərin bir hissəsi isə Finlandiyanın ərazi sularına düşüb. Bosmanın vəkili işə Finlandiya məhkəməsində baxılmamalı olduğunu bildirmişdi.
132 metrlik, Sent-Vinsent və Qrenadin bayrağı altında üzən “Fitburg” gəmisi Sankt-Peterburqdan İsrailin Hayfa şəhərinə gedirdi. Finlandiya hakimiyyəti gəmini 2025-ci il dekabrın 31-də saxlayaraq Kirkkonummi yaxınlığındakı Kantvik limanına aparmışdı. Həmin gün səhər “Elisa” operatoru Helsinki–Tallin sualtı məlumat kabelində nasazlıq barədə məlumat vermişdi. Gəminin 14 nəfərlik ekipajı Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşlarından ibarət idi. Finlandiya gömrüyü gəmidəki Aİ-nin sanksiya siyahısına daxil olan Rusiya mənşəli konstruksiya poladı yükünü müsadirə etmişdi.



