Həbsdəki hüquq müdafiəçisi Yaşar Ağazadənin yazışma, qəzet və hüquqi sənədlərlə tanış olmaq hüquqlarının məhdudlaşdırıldığı bildirilir
Həyat yoldaşı Aygün İsmayıllının sözlərinə görə, Ağazadənin 6 saylı Cəzaçəkmə Müəssisəsində iyulun 2-dən 24-dək keçirdiyi aclıq aksiyası qeydiyyata alınmayıb, Baş prokurora ünvanladığı şikayət isə aidiyyəti quruma göndərilməyib.

Həbsdə olan hüquq müdafiəçisi Yaşar Ağazadənin dövlət qurumları ilə yazışmaq, qəzet və hüquqi sənədlərlə tanış olmaq hüquqlarının məhdudlaşdırıldığı bildirilir. Həmçinin onun 6 saylı Cəzaçəkmə Müəssisəsində keçirdiyi aclıq aksiyasının qeydə alınmadığı iddia olunur. Bu barədə hüquq müdafiəçisinin həyat yoldaşı Aygün İsmayıllı noyabrın 4-də məlumat verib.
İsmayıllının sözlərinə görə, Yaşar Ağazadə 6 saylı Cəzaçəkmə Müəssisəsində işgəncəyə, fiziki zorakılığa və ləyaqəti alçaldan digər pis rəftara məruz qalmasına, saxlanma şəraitinə və qanunsuz olaraq cərimə təcridxanasına salınmasına etiraz olaraq 2026-cı il iyulun 2-dən 24-dək qida qəbul etməkdən imtina edib. Lakin müəssisə rəhbərliyi aclıq aksiyasını qeydiyyata almayıb. İsmayıllı bildirib ki, bununla müəssisə rəhbərliyi Cəzaların İcrası Məcəlləsinin, Penitensiar Müəssisələrin Daxili İntizam Qaydalarının və Ədliyyə Nazirliyinin təsdiq etdiyi, yemək qəbul etməkdən imtina edən məhkumların saxlanma şəraiti və məcburi qidalandırılması ilə bağlı təlimatın tələblərini pozub.
Həyat yoldaşı həmçinin Ağazadənin Baş prokuror Kamran Əliyevə ünvanladığı şikayətin aidiyyəti quruma göndərilmədiyini iddia edir. Onun sözlərinə görə, Yaşar Ağazadə 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyində təmsil olunan şəxslərin və digər əməkdaşlarının qanunsuz hərəkətlərə yol verdiyini bildirərək onların barəsində cinayət işi başlanmasını xahiş edib. Şikayətdə müəssisənin bir sıra vəzifəli şəxslərinin, əməkdaşlarının və həkiminin adları çəkilib.
İsmayıllı bildirib ki, şikayət ərizəsi Baş Prokurorluğa göndərilməsi üçün Bakı İstintaq Təcridxanasına verilsə də, təcridxana ərizəni Baş Prokurorluğa göndərmir: “Müəssisə rəhbərliyi bunu həmkarları ilə “həmrəylik əlaməti olaraq” etdiyini bildirir. Bakı İstintaq Təcridxanasının qanunsuz hərəkətləri nəticəsində Yaşar Ağazadənin dövlət qurumları ilə yazışmaq hüququ pozulub. Bu qanunsuzluqlar hələ də davam edir. Penitensiar Xidmət isə tabeliyindəki müəssisənin qanunsuz hərəkətlərini araşdırmır”.
Aygün İsmayıllının sözlərinə görə, oktyabrın 11-də qısamüddətli görüş zamanı Yaşar Ağazadəyə aparılan qəzetləri və digər sənədləri Bakı İstintaq Təcridxanasının əməkdaşları “zərərli materiallar” adlandıraraq müsadirə ediblər. Həmin materiallar arasında rəsmi qəzetlər, İlham Əliyevin çıxışı, Konstitusiya Məhkəməsinə ünvanlanmış şikayət və normativ hüquqi sənədlər olub. İsmayıllı oktyabrın 19-da rəsmi qəzetləri, İlham Əliyevin 2 oktyabr tarixli çıxışını, Konstitusiya Məhkəməsinə şikayəti və Ədliyyə Nazirliyinin təsdiq etdiyi “Penitensiar müəssisələrdə yemək qəbul etməkdən imtina edən məhkumların, habelə həbs edilmiş şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında Təlimat”ı poçt vasitəsilə təcridxanaya göndərdiyini, lakin bu dəfə də materialların Ağazadəyə verilmədiyini və hələ də müəssisədə saxlanıldığını bildirib: “Müəssisə rəhbərliyinin qanunsuz hərəkətləri nəticəsində Yaşar Ağazadənin qəzetlərlə və normativ hüquqi aktlarla təmin edilmək hüququ pozulub. Belə vəziyyət hələ də davam edir”.
Yaşar Ağazadə 2007-ci ildə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, bir müddət sonra əfv olunaraq azadlığa buraxılıb. O, 2024-cü ilin aprelində yenidən həbs edilib və Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmənin təkrar törədilməsi) maddəsi ilə təqsirli bilinərək 5 il 1 ay müddətinə azadlıqdan məhrum olunub. Sonradan onun həbs cəzası daha 5 ay artırılıb. Yaşar Ağazadə ittihamları qəbul etmir, həbsinin siyasi sifariş əsasında həyata keçirildiyini bildirir.



