Kuryerlər üçün aylıq 15 manat sabit vergi tətbiq edilməsi təklif olunur
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, fərdi qaydada kuryer fəaliyyəti göstərənlər aylıq 15 manat sabit sadələşdirilmiş vergi ödəyəcək. Deputat Azər Badamov isə onlar üçün 1 faizlik vergi rejimini təklif edib.

Azərbaycanda kuryer fəaliyyəti ilə məşğul olan şəxslərə aylıq 15 manat sabit vergi tətbiq edilməsi təklif olunur. Məsələ noyabrın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə və bir sıra qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı gündəmə gəlib.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, muzdlu işçi cəlb etmədən fərdi qaydada kuryer fəaliyyəti göstərən şəxslər üçün aylıq 15 manat sabit sadələşdirilmiş vergi müəyyənləşdirilməsi nəzərdə tutulur.
Layihənin əsaslandırılmasında bildirilir ki, elektron ticarətin genişlənməsi ilə kuryer fəaliyyəti də sürətlə artıb. Bu sahədə çalışanların bir çoxu vergi hesabatı təqdim etməkdə və gəlir-xərc uçotu aparmaqda çətinlik çəkir. Mövcud inzibati yük isə bəzi kuryerləri qeyri-rəsmi fəaliyyətə yönəldir.
Dəyişiklik layihəsinin müəllifləri hesab edirlər ki, sabit vergi və qəbz sisteminin tətbiqi vergi ödənişlərini sadələşdirəcək, mühasibatlıq xərclərini azaldacaq və qeyri-rəsmi çalışan kuryerlərin fəaliyyətini rəsmiləşdirməyə təşviq edəcək.
Milli Məclisin deputatı Azər Badamov isə kuryerlərin gəlirlərinin fərqli olduğunu əsas gətirərək onlar üçün 1 faizlik vergi rejiminin tətbiqini təklif edib: “Yaxşı olardı ki, kuryerlər də taksi fəaliyyəti ilə məşğul olanlar kimi 1 faizlik vergi rejiminə cəlb olunsunlar. Çünki kuryerlərin hamısının gəlirləri eyni olmur.”
Deputat kuryerlərin əsasən elektron platformalar üzərindən işlədiklərini də xatırladıb: “Kuryerlər fəaliyyətlərini platformalar vasitəsilə həyata keçirdikləri üçün onların iş rejiminin tənzimlənməsi və gəlirlərinin ödənilməsi də həmin platformalar üzərindən daha rahatdır.”



