Komışuvaxaya endirilən Rusiya aviazərbəsində həlak olanların sayı 53-ə çatıb
Rusiyanın noyabrın 2-də Zaporojye rayonunun Komışuvaxa qəsəbəsinə endirdiyi aviazərbədə ölənlərin sayı 53 nəfərə yüksəlib. FAB-3000 aviabombasının düşdüyü yerdə axtarış-xilasetmə işləri beşinci gündür davam edir.

Rusiyanın noyabrın 2-də Zaporojye rayonunun Komışuvaxa qəsəbəsinə endirdiyi aviazərbə nəticəsində həlak olanların sayı 53-ə çatıb. Bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyası rəhbərinin müavini vəzifəsini icra edən Mixail Semikin bildirib.
Onun sözlərinə görə, FAB-3000 aviabombasının zərbə endirdiyi yerdə axtarış-xilasetmə işləri beşinci gündür davam edir.
Noyabrın 3-də Ukrayna tərəfinin açıqladığı məlumata görə, Rusiya əvvəlcə FAB-500 idarəolunan aviabombalarını, ardınca isə FAB-3000 aviabombalarını atıb. Birbaşa zərbədən sonra humanitar yardım almaq üçün məktəb binasına gələn mülki şəxslərin olduğu yeraltı mərkəzin beton konstruksiyası çöküb.
Həmin gün ölənlərin sayı 31 nəfər kimi açıqlanmış, daha 5 nəfərin yaralandığı, təxminən 50 nəfərin isə itkin düşdüyü bildirilmişdi. Zaporojye vilayətində noyabrın 3, 4 və 5-də üç günlük matəm elan edilib.
FAB-3000 təxminən üç ton çəkisi olan ağır aviabombadır. Rusiya ordusu bu bombanı planlaşdırma və korreksiya modulu ilə təchiz olunmuş variantda ilk dəfə 2024-cü ilin iyununda Ukraynada istifadə edib.


