Prokuror Bəşir Süleymanlıya 9 il həbs cəzası verilməsini istəyib
Dövlət ittihamçısı “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının 9 il azadlıqdan məhrum edilməsini təklif edib. Növbəti məhkəmə iclası noyabrın 19-na təyin edilib.

Dövlət ittihamçısı “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlıya 9 il həbs cəzası verilməsini istəyib.
Noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Bəşir Süleymanlının 9 il azadlıqdan məhrum olunmasını və 3 il müddətinə müəyyən vəzifələr tutmaq hüququndan məhrum edilməsini təklif edib. Müdafiə tərəfi çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Növbəti məhkəmə iclası noyabrın 19-na təyin edilib.
İstintaq Bəşir Süleymanlını 148 min manatdan çox qrant vəsaitini mənimsəməkdə ittiham edir. İstintaqın iddiasına görə, Süleymanlı ABŞ-ın German Marşal Fondu və digər fondlar tərəfindən sosial layihələrin həyata keçirilməsi üçün ayrılan vəsaiti mənimsəyib.
Bəşir Süleymanlı və Seçki Monitorinqi Alyansının rəhbəri Məmməd Alpay 2025-ci il martın 14-də Baş Prokurorluğun İstintaq İdarəsinin evlərində apardığı axtarışlardan sonra saxlanılıblar. Binəqədi Rayon Məhkəməsi onlar barədə 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçib, Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.
Həbs zamanı onlara Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın külli miqdarda leqallaşdırılması) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Hər iki şəxs ittihamları rədd edib.
“Vətəndaş Hüquqları” İnstitutu vətəndaşlara pulsuz hüquqi yardım göstərən və vətəndaş maarifləndirilməsi ilə məşğul olan qeyri-hökumət təşkilatıdır.


