Həbsdə olan AXCP sədri Əli Kərimli 2026-cı il Beynəlxalq Maqnitski İnsan Hüquqları Mükafatına layiq görülüb
Əli Kərimli “Görkəmli müxalifət siyasətçisi” nominasiyası üzrə ilin qalibi seçilib; o, bu mükafatı alan üçüncü azərbaycanlıdır.

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli 2026-cı il Beynəlxalq Maqnitski İnsan Hüquqları Mükafatına layiq görülüb. O, “Görkəmli müxalifət siyasətçisi” nominasiyası üzrə ilin qalibi seçilib. Bu barədə mükafatın təşkilatçıları rəsmi internet səhifəsində məlumat yayıblar.
Təşkilatçılar Əli Kərimlini Azərbaycanda demokratiya, insan hüquqları və vətəndaş azadlıqlarının müdafiəsi uğrunda uzun illər fəaliyyət göstərən müxalifət siyasətçisi kimi təqdim ediblər. Təqdimatda onun demokratiya tərəfdarı olan tanınmış azərbaycanlı siyasətçi, insan hüquqları müdafiəçisi və AXCP sədri olduğu, onilliklərdir İlham Əliyevin idarəçiliyinə qarşı siyasi müxalifətin aparıcı simalarından biri kimi çıxış etdiyi, demokratik islahatları, korrupsiyaya qarşı mübarizəni və vətəndaş azadlıqlarını müdafiə etdiyi bildirilir.
Təşkilatçılar Kərimliyə qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu vurğulayıblar: “2025-ci ilin noyabrında müxalif fikirlərə qarşı genişmiqyaslı təzyiqlər zamanı Kərimlini dövlət təhlükəsizliyi qüvvələri saxlayıb və ona konstitusiya quruluşunu devirməyə cəhddə iştirak ittihamı irəli sürülüb. Kərimli, onun partiyası və beynəlxalq müşahidəçilər bu ittihamları tamamilə uydurma və siyasi motivli hesab edirlər”.
Təqdimatda onun həbsdəki vəziyyətindən də bəhs olunub: “2026-cı ilin avqustuna olan məlumata görə, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti noyabr ayınadək uzadılıb. Əli Kərimli həbsdə ağır rəftara məruz qalıb və səhhəti sürətlə pisləşir. Avropa Parlamenti və beynəlxalq insan hüquqları təşkilatları onu siyasi məhbus kimi tanıyır və dərhal azadlığa buraxılmasını tələb edirlər”. Avropa Parlamenti oktyabrın 8-də Əli Kərimli, Anar Məmmədli və Azərbaycandakı digər siyasi məhbuslarla bağlı qətnamə qəbul edərək onların azadlığa buraxılmasını tələb edib.
Beynəlxalq Maqnitski İnsan Hüquqları Mükafatı 2015-ci ildən təqdim olunur. Mükafat Rusiyada korrupsiya faktlarını ifşa etdikdən sonra həbs edilən və 2009-cu ildə həbsxanada ölən hüquqşünas Sergey Maqnitskinin xatirəsinə təsis edilib və insan hüquqlarının müdafiəsi, korrupsiyaya qarşı mübarizə və ifadə azadlığı sahəsində fəaliyyət göstərən siyasətçilərə, jurnalistlərə və hüquq müdafiəçilərinə verilir. Onun təsis edilməsi təşəbbüsü beynəlxalq Maqnitski kampaniyasının rəhbəri, britaniyalı maliyyəçi Bill Brauderlə bağlıdır. Bundan əvvəl Azərbaycandan araşdırmaçı jurnalist Xədicə İsmayıl 2017-ci ildə, hüquq müdafiəçisi Jalə Bayramova isə 2024-cü ildə bu mükafata layiq görülüb; Əli Kərimli mükafatı alan üçüncü azərbaycanlıdır.
Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim 2025-ci il noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb, dekabrın 1-də hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib. Onlara Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər ittihamı irəli sürülüb. Hər iki siyasətçi ittihamları rədd edib, Əli Kərimli cinayət işini siyasi fəaliyyətinə görə təqib kimi qiymətləndirib.
DTX 2026-cı il fevralın 12-də Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, Əli Kərimli və digər şəxslərin iştirakı ilə hakimiyyətə qarşı sui-qəsd planının aşkarlandığını açıqlayıb. Oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ramiz Mehdiyevi dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və digər cinayətlərdə təqsirli bilərək 14 il müddətinə azadlıqdan məhrum edib, lakin yaşını və səhhətini nəzərə alaraq cəzanın şərti tətbiq olunmasına qərar verib. Noyabrın 3-də isə həmin məhkəmədə Əli Kərimli və Məmməd İbrahimin işi üzrə qapalı hazırlıq iclası keçirilib.



