Avtomobil Yolları Dövlət Agentliyinin 67 idarəsinin ləğvi barədə qərar verilib
Bu ilin əvvəlindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyindəki yol istismar idarələrinin ləğvinə başlanılıb, son elanda daha 25 idarənin ləğvi açıqlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində olan yol istismar idarələrinin ləğvi davam edir. Bu ilin əvvəlindən indiyədək Agentliyin tabeliyindəki 67 idarənin ləğvi ilə bağlı qərar verilib.
Son olaraq Vergilər.az portalında 25 yol istismar idarəsinin ləğvi ilə bağlı elan yerləşdirilib. Ləğv olunan idarələr arasında 21 adi, 2 xüsusi təyinatlı və magistral yolların tikintisinə cavabdeh olan 2 MMC yer alır. Bir neçə ay əvvəl isə daha 42 idarənin ləğvi ilə bağlı elan dərc edilmişdi.
Avtomobil yollarının yaşıllaşdırılması ilə məşğul olan idarələr də daxil olmaqla, AAYDA-nın 85-dən çox idarəsi fəaliyyət göstərirdi. Aparılan struktur dəyişiklikləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
İxtisarlarla bağlı narazılıqlar 2025-ci ildən başlayıb. Ötən il ləğvinə başlanılan “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-də işçilərə məcburi qaydada ərizə yazdırılaraq onların işdən uzaqlaşdırıldığı, bu proses zamanı 80 əməkdaşın işdən azad edildiyi bildirilir. İşçilərə əvvəlcə digər şöbələrdə işlə təmin olunacaqları vəd edilsə də, sonradan onların əmək müqavilələrinə xitam verilib. Bu ilin iyulunda isə Siyəzən rayonunda fəaliyyət göstərən “10 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin əməkdaşlarının heç bir izahat verilmədən işdən çıxarıldığı bildirilib.
Agentliyin son hesabatına əsasən, 2024-cü ildə AAYDA-da çalışanların sayı 13 719 nəfər olub. Bu, 2023-cü illə müqayisədə 904 nəfər və ya 6,1 faiz azalma deməkdir. Agentlik 2025-ci il üzrə hesabatını hələ açıqlamayıb.
AAYDA kütləvi ixtisarlarla bağlı yayılan məlumatları təkzib edib. Agentlikdən bildirilib ki, kadr məsələləri əmək qanunvericiliyinə və daxili normativ sənədlərə uyğun şəkildə tənzimlənir, optimallaşdırma tədbirləri çərçivəsində beynəlxalq təcrübə əsasında struktur islahatları həyata keçirilir və bu islahatların əsas məqsədi büdcə vəsaitlərindən şəffaf və səmərəli istifadənin təmin olunmasıdır.
Hesablama Palatası “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun 2024-cü il üzrə vəsaitlərinin idarə olunmasını audit edərkən bir sıra nöqsanlar aşkarlayıb. Qeyri-asfalt örtüklü yolların xüsusi çəkisinin hələ də yüksək olduğu (35,2 faiz) müəyyən edilib. Fondun vəsaitləri əsasən cari xərclərə yönəldilsə də, rəsmi hesabatlarda əsaslı xərclər kimi göstərilib; qaydalarda nəzərdə tutulmadığı halda 19,6 milyon manat bank kreditlərinin ödənilməsinə, eləcə də Agentliyin aparatının saxlanmasına vəsait ayrılıb. Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılmadığı və yol siyahılarının uzun illərdir yenilənmədiyi də müəyyən edilib.
2023-cü ildə AAYDA-ya dövlət büdcəsindən 1 milyard 42,5 milyon manat ayrıldığı halda, cari ildə bu məbləğin təxminən 500 milyon manata qədər azaldığı bildirilir. 2017-ci ildə yaradılan AAYDA bundan əvvəl “Azəravtoyol” ASC və “Azəryolservis” ASC adları altında fəaliyyət göstərib. 2017-ci ildən Agentliyə rəhbərlik edən Saleh Məmmədov bu ilin fevralında vəzifəsindən uzaqlaşdırılıb.



