RSF həbsdəki jurnalist Ülvi Həsənlinin cərimə kamerasına salınmasını pisləyib
Sərhədsiz Reportyorlar Təşkilatı ürəyində problemlər olan “Abzas Media” direktorunun səhhətinin təhlükə altında olduğunu bildirib. Həsənli noyabrın 2-dən 10 saylı Cəzaçəkmə Müəssisəsinin cərimə kamerasındadır.

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) həbsdə olan “Abzas Media”nın direktoru, jurnalist Ülvi Həsənlinin noyabrın 2-də 10 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) yenidən cərimə kamerasına (“kars”) salınmasını pisləyib. Təşkilat jurnalistin ürəyində problemlər olduğunu və ona qarşı təzyiqlərin səhhətini təhlükə altına atdığını bildirib.
RSF bəyanatında 10 saylı CÇM rəhbərliyinin Ülvi Həsənlini dəfələrlə təhdid etdiyini vurğulayıb: “Ürəyində problemlər olmasına baxmayaraq, “Abzas Media”nın jurnalisti Ülvi Həsənli noyabrın 2-də yenidən cərimə kamerasına salınıb. Bundan əvvəl həbsxana rəhbərliyi onu çalışdığı media qurumunda dərc olunan məqalələrə cavab olaraq dəfələrlə təhdid edib. RSF onun səhhətini təhlükə altına atan bu ciddi hədə-qorxu hallarını pisləyir”.
Ülvi Həsənlinin cərimə kamerasında iki gün aclıq aksiyası keçirdiyi bildirilir. Jurnalist ona qarşı təzyiqləri “Abzas Media”da 10 saylı CÇM-dəki problemlər və qanunsuzluq iddiaları barədə dərc olunan yazılarla əlaqələndirir. Onun sözlərinə görə, müəssisə rəhbərliyi həmin yazıların saytdan silinməsinə və yeni materialların dərcinin dayandırılmasına nail olmaq üçün ona qarşı təxribatlar törədir, digər məhkumları da ona qarşı qaldırır. Gəncədən olan başqa bir məhkumun da heç bir qanunsuz əməl törətmədiyi halda bu hadisələrlə əlaqədar cərimə kamerasına salındığı bildirilir.
Jurnalistin həyat yoldaşı Rübabə Quliyeva noyabrın 3-də sosial şəbəkədə Ülvi Həsənlinin bir gün əvvəl cərimə kamerasına salındığını yazıb. Onun sözlərinə görə, həmin gün həyat yoldaşı ilə telefon danışığı nəzərdə tutulsa da, jurnalist zəng etməyib. Quliyeva bildirib: “Rəhbərlik haqqında yazılar gedən məhbusları hədələyib məcbur edirlər ki, Ülviyə desinlər, saytdan yazıları sildirsin. 10 saylı CÇM-də Ülvinin başına nəsə gələrsə, bunun məsuliyyətini birbaşa həbsxana rəisi Emin Cəfərov daşıyır”.
Quliyevanın sözlərinə görə, noyabrın 1-də keçirilən son görüşləri zamanı Ülvi Həsənli müəssisə rəisinin müavini Kamran Şahsuvarovun onu dəfələrlə hədələdiyini, digər məhbusları ona qarşı qızışdırdığını deyib. O, həmçinin uşaqla normal görüşə şərait yaradılmadığını və qanunla bütün məhbuslara verilən görüntülü zəngə icazə verilmədiyini bildirib. Quliyeva məsələ ilə bağlı Ombudsman Aparatına və Penitensiar Xidmətin qaynar xəttinə müraciət etdiyini, ona şikayətin araşdırılacağının deyildiyini bildirib.
Ülvi Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb. Daha sonra “Abzas Media işi” çərçivəsində nəşrin baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs olunublar. Onlara qaçaqmalçılıq və müxtəlif maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il iyunun 20-də çıxardığı hökmlə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Apellyasiya və kassasiya instansiyaları hökmü qüvvədə saxlayıb. Məhkumlar ittihamları qəbul etmir, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər; beynəlxalq media və insan hüquqları təşkilatları bu həbsləri Azərbaycanda müstəqil mediaya qarşı təzyiq kampaniyasının tərkib hissəsi kimi qiymətləndiriblər.



