Sərhədsiz Reportyorlar İlham Əliyevi 2026-cı ilin «mətbuat azadlığının düşmənləri» siyahısına daxil edib
Sərhədsiz Reportyorlar (RSF) təşkilatı 2026-cı ildə jurnalistlərə və informasiya azadlığına hücum edən 33 «mətbuat azadlığı düşməni»nin profilini hazırlayıb; İlham Əliyev siyasi kateqoriyada yer alıb.

Sərhədsiz Reportyorlar (RSF) təşkilatı noyabrın 2-də, Jurnalistlərə qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günündə 2026-cı il üçün «mətbuat azadlığının düşmənləri» siyahısını açıqlayıb. İlham Əliyev siyahının siyasi kateqoriyasında yer alıb.
Təşkilat 2026-cı ildə jurnalistlərə və informasiya azadlığına hücum edən 33 «mətbuat azadlığı düşməni»nin profilini hazırlayıb. RSF siyahıda olanları mətbuat azadlığına nifrətin birləşdirdiyini bildirib: «Onların metodları fərqlənsə də, məqsədləri eynidir: müstəqil media səslərini susdurmaq, xəbər və informasiya hüququnu tapdalamaq. Sükutu təmin edən vasitələr isə qətl, həbs, şantaj, propaqanda, troll ordusudur».
Builki siyahı beş kateqoriyaya bölünüb: siyasi, təhlükəsizlik, hüquqi, iqtisadi və sosial. RSF bu bölgünü Dünya Mətbuat Azadlığı İndeksinin göstəriciləri əsasında aparıb. Siyasi kateqoriyada İlham Əliyevlə yanaşı Belarus lideri Aleksandr Lukaşenko, Rusiya Prezidenti Vladimir Putin, Nikaraqua rəhbərliyi Daniel Orteqa və Rosario Murilyo, Əfqanıstanın ali lideri Hibətullah Axundzadə və Uqanda ordusunun komandanı Muhoozi Kainerugaba da var. Hüquqi kateqoriyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, iqtisadi kateqoriyada isə Gürcüstanın milyarderi Bidzina İvanişvili yer alıb.
RSF bildirib ki, siyahıdakı şəxslər və təşkilatlar jurnalistikanı susdurmaq üçün fərqli üsullardan istifadə edirlər: fiziki zorakılıq, həbs, hüquqi təzyiq, maliyyə məhdudiyyətləri, dezinformasiya və rəqəmsal hücumlar. Təşkilatın baş direktoru Tibo Brutten siyahını mətbuata qarşı hücum və pozuntuların ən pis nümunələrini göstərən, ironik üslubda hazırlanmış «mükafatlandırma» siyahısı kimi xarakterizə edib; o, siyahının subyektiv xarakter daşıdığını, lakin orada yalnız il ərzində mediaya qarşı məqsədli hücumlar həyata keçirdiyi bildirilən şəxslərin və qurumların yer aldığını vurğulayıb.
RSF-in açıqlamasına görə, siyahı Dünya Mətbuat Azadlığı İndeksini tamamlayır: indeks ölkələrdə mətbuat azadlığının vəziyyətini qiymətləndirir, «mətbuat azadlığı düşmənləri» siyahısı isə bu azadlığın məhdudlaşdırılmasına görə məsuliyyət daşıyan aktorları önə çıxarır.
İlham Əliyevin adı RSF-in 2025-ci ilin noyabrında açıqladığı 34 nəfərlik siyahıda da olub. 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib; onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Sonradan çoxunun ittihamı ağırlaşdırılıb. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, Azərbaycan həbsxanalarında 322 siyasi məhbus var.
Rəsmilər isə, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyəti ilə bağlı və siyasi əsaslarla həbs edilmədiyini, həmin siyahılarda adları yer alanların törətdikləri əməllərə görə məsuliyyətə cəlb olunduğunu bildirirlər. Beynəlxalq insan haqları qurumları isə hakimiyyəti azad səslərə qarşı təqibləri dayandırmağa və haqsız tutulanları buraxmağa çağırır.



