Komışuvaxaya Rusiya aviazərbəsi: həlak olanların sayı 31-ə çatıb
Zaporojye vilayətinin Komışuvaxa qəsəbəsinə noyabrın 2-də endirilən Rusiya aviazərbəsi nəticəsində həlak olanların sayı 31 nəfərə yüksəlib.

Zaporojye vilayətinin Komışuvaxa qəsəbəsinə noyabrın 2-də Rusiyanın endirdiyi aviazərbə nəticəsində həlak olanların sayı 31 nəfərə çatıb.
Bunu noyabrın 3-də Zaporojye Vilayət Hərbi Administrasiyası rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Mixaylo Semikin bildirib.
Noyabrın 2-də Ukrayna Prezidenti Volodimir Zelenski həlak olanların sayının 26 nəfərə çatdığını açıqlamışdı. Ukrayna tərəfinin məlumatına görə, aviabombalar humanitar yardım paylanan məktəbə və sığınacağa dəyib.
Komışuvaxa Zaporojye vilayətinin Zaporojye rayonunda, cəbhə xəttinə yaxın ərazidə yerləşən qəsəbədir və əvvəllər də dəfələrlə idarə olunan aviabombalarla zərbələrə məruz qalıb.
Kreml noyabrın 3-də Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib.



