Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb: proses qapalı keçirilib
Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Növbəti iclas noyabrın 13-nə təyin olunub.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
AXCP üzvlərinin və hadisə yerində olan şəxslərin yaydığı məlumata görə, məhkəmə prosesi qapalı keçirilib. Polis jurnalistləri, AXCP fəallarını və məhkəmə iclasını izləmək üçün gələn şəxsləri binaya buraxmayıb. Bəzi məlumatlarda onların məhkəmə binasının yaxınlığına da buraxılmadığı bildirilir.
Təqsirləndirilən şəxslərin cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi, həmçinin Əli Kərimlinin vəkillərinin yanında əyləşməsi ilə bağlı vəsatətləri təmin olunmayıb. Əli Kərimli ittihamın əsassız olduğunu bildirərək cinayət işinə xitam verilməsini tələb edib. O, prosesin qapalı keçirilməsinə etiraz edib və məhkəmə iclasları bu qaydada davam edəcəyi halda, iştirak etmək istəmədiyini deyib.
Milli Şuranın sədri Cəmil Həsənli sosial media hesabında məhkəmə başlamazdan əvvəl binanın ətrafına polis əməkdaşlarının yerləşdirildiyini yazıb. Onun sözlərinə görə, polis məhkəmənin qapalı keçiriləcəyini bildirərək insanları binaya yaxın buraxmayıb. Cəmil Həsənli prosesin qapalı keçirilməsi barədə qərarın məhkəmə başlamazdan əvvəl faktiki olaraq elan edilməsini tənqid edib və bunun qərarın əvvəlcədən verildiyini göstərdiyini iddia edib. Növbəti məhkəmə iclası noyabrın 13-nə təyin olunub.
Əli Kərimli və Məmməd İbrahim 2025-ci ilin noyabrında həbs ediliblər. Onların əvvəlcə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi çərçivəsində saxlanıldıqları bildirilsə də, sonradan işlər ayrılıb. Hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə – hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham irəli sürülüb. Maddənin sanksiyasında 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur.
Əli Kərimli və Məmməd İbrahim ittihamları rədd edir, həbslərinin siyasi sifariş olduğunu bildirirlər. Əli Kərimli daha əvvəl istintaqa ifadə vermədiyini də açıqlayıb. AXCP rəhbərliyi irəli sürülən ittihamları siyasi motivli və əsassız hesab edir.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2026-cı il fevralın 12-də Ramiz Mehdiyevlə bağlı cinayət işi üzrə açıqlama yayıb. Qurumun məlumatında Mehdiyevlə yanaşı, keçmiş baş nazirin birinci müavini Abbas Abbasovun, Əli Kərimlinin və Məmməd İbrahimin də adları çəkilib. DTX həmin şəxslərdən bəzilərinin xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyə və konstitusiya quruluşunu dəyişdirməyə yönələn fəaliyyət göstərdiyini iddia edib. Ramiz Mehdiyev barəsindəki cinayət işi üzrə məhkəmə prosesinin ötən həftə başa çatdığı və ona 14 il şərti cəza verildiyi açıqlanıb; həmin prosesə də jurnalistlərin və iclası izləmək istəyən şəxslərin buraxılmadığı barədə məlumatlar yayılıb.



