İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı müraciəti üzrə tələbləri rədd edib
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi AXCP sədri Əli Kərimlinin Azərbaycana qarşı (№ 33395/26) müraciəti üzrə iddia tələblərini rədd edib və Məhkəmə Reqlamentinin 39-cu qaydasına əsasən müvəqqəti təminat tədbirlərinin tətbiq edilməməsi barədə qərar qəbul edib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsində AXCP sədri Əli Kərimlinin Azərbaycana qarşı (№ 33395/26) müraciətinə baxılması üzrə proses yekunlaşıb, Məhkəmə iddia tələblərini rədd edib.
Əli Kərimli istintaq müddətində, o cümlədən saxlanıldığı istintaq təcridxanasında hüquqlarının pozulduğunu iddia edərək Azərbaycana qarşı qərar qəbul edilməsi üçün Avropa Məhkəməsinə müraciət edib. Məhkəmə ərizəçinin və onun müdafiəçilərinin təqdim etdiyi, habelə bununla əlaqədar toplanmış qarşılıqlı məlumatları araşdırıb.
Avropa Məhkəməsi iddia tələblərini rədd edib və Məhkəmə Reqlamentinin 39-cu qaydasına əsasən həmin müraciətlə tələb edilən müvəqqəti təminat tədbirlərinin Azərbaycana qarşı tətbiq edilməməsi barədə qərar qəbul edib. Reqlamentin 39-cu qaydası Məhkəməyə iş üzrə baxış başa çatana qədər ərizəçi üçün ciddi və düzəldilməz zərər təhlükəsi olduqda dövlətə münasibətdə müvəqqəti tədbirlər tətbiq etmək imkanı verir.
Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Proses qapalı keçirilib, jurnalistlər və AXCP fəalları binaya buraxılmayıb. Təqsirləndirilən şəxslərin cinayət işinə xitam verilməsi və həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri təmin olunmayıb, növbəti iclas noyabrın 13-nə təyin olunub.
Əli Kərimli və Məmməd İbrahim 2025-ci ilin noyabrında həbs ediliblər. Onların əvvəlcə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi çərçivəsində saxlanıldıqları bildirilib, sonradan işlər ayrılıb. Hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə – hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham irəli sürülüb. Maddənin sanksiyası 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutur.
Əli Kərimli və Məmməd İbrahim ittihamları rədd edir, həbslərinin siyasi sifariş olduğunu bildirirlər. AXCP rəhbərliyi irəli sürülən ittihamları siyasi motivli adlandırıb.



