Rusiya Müdafiə Nazirliyi: Qara dənizdə Ukrayna ordusu üçün hərbi əmlak daşıyan quru yük gəmisi vurulub
Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukrayna Silahlı Qüvvələri üçün hərbi əmlak daşıyan quru yük gəmisinin vurulduğunu, Kiyev və Jitomir vilayətlərində isə iki elektrik yarımstansiyasının hədəfə alındığını bildirib.

Rusiya Müdafiə Nazirliyi noyabrın 4-də Rusiya Silahlı Qüvvələrinin gecə Ukraynanın energetika kompleksinin obyektlərinə zərbələri davam etdirdiyini bildirib.
Nazirliyin açıqlamasına görə, Qara dənizin akvatoriyasında Ukrayna Silahlı Qüvvələri üçün hərbi əmlak daşıyan quru yük gəmisi vurulub. Nazirlik gəminin adını, bayrağını və dəqiq yerini açıqlamayıb.
Nazirlik həmçinin Rusiya Silahlı Qüvvələrinin Kiyev vilayətindəki «Nalivaykovka» və Jitomir vilayətindəki «Çijovka» elektrik yarımstansiyalarını vurduğunu bildirib.
Bundan əvvəl, noyabrın 3-ü axşam Jitomir şəhərində elektrik enerjisi tamamilə kəsilmiş, vilayətin ayrı-ayrı rayonları da elektriksiz qalmışdı. Şəhər şurası bunun Rusiya qoşunlarının enerji infrastrukturuna hücumu nəticəsində baş verdiyini bildirmişdi.
Noyabrın 3-də Ukraynanın energetika naziri Denis Şmıhal Rusiyanın Xmelnitski AES-in sabit işi üçün kritik əhəmiyyətli yarımstansiyaya üç dron yönəltdiyini bildirmişdi. Həmin gün Kiyevdə enerji sistemindəki kritik vəziyyət səbəbindən tramvay və trolleybusların hərəkəti dayandırılmışdı.
Rusiya Müdafiə Nazirliyi bu il iyulun 28-də də Qara dənizdə və Nikolayev limanında gəmilərin vurulduğunu açıqlamışdı.



