ABŞ-da aralıq seçkiləri: ilkin nəticələrə görə demokratlar Konqresin hər iki palatasında öndədir
Elan olunmuş ilkin nəticələrə görə, Nümayəndələr Palatasında demokratlar 35, respublikaçılar 15 mandat qazanıb; Senat və qubernator seçkilərində də demokratlar öndədir.

ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkilərinin ilkin nəticələrinə görə, Demokrat Partiyası Nümayəndələr Palatası, Senat və ştat qubernatorları seçkilərində öndədir.
Nümayəndələr Palatası üzrə elan olunmuş ilkin nəticələrə görə, demokratlar 35, respublikaçılar isə 15 mandat qazanıb. Palatada nəzarəti təmin etmək üçün 218 mandat lazımdır.
Senat seçkilərində demokrat senator Con Ossoff Corciya ştatında yenidən seçilib. Nyu-Hempşirdə demokrat Pappas respublikaçı Sunununu məğlub edərək Senatdakı yeri qazanıb, Şimali Karolina ştatında da Senatdakı yeri Demokrat Partiyasının namizədi qazanıb. Demokratlar həmçinin Massaçusets, Rod-Aylend, Nyu-Cersi, İllinoys və Delaver ştatlarında Senat seçkilərində qalib gəliblər.
Elan olunmuş nəticələrlə 100 yerlik Senatda demokratlar 42, respublikaçılar 31 yerə sahibdir. Senatda nəzarət üçün 51 yer tələb olunur.
Qubernator seçkilərində demokrat Cey Bi Pritsker İllinoys ştatının qubernatoru vəzifəsinə yenidən seçilib. Demokratlar İllinoys, Merilend, Pensilvaniya və Massaçusets ştatlarında qubernator postlarını qazanıblar. Elan olunmuş nəticələrə görə, qubernator seçkilərində demokratlar 10, respublikaçılar 8 post qazanıb.
Şimali Karolina, Ohayo, Qərbi Virciniya və Vayominq ştatlarında, daha sonra isə Şərq sahilindəki və ölkənin mərkəzi bölgələrindəki 29 ştatda seçki məntəqələri bağlanıb. Seçki günü Floridada hava şəraiti ilə bağlı fövqəladə vəziyyət səbəbindən 21 seçki məntəqəsinin yeri dəyişdirilmişdi.
Aralıq seçkiləri ABŞ prezidentinin dörd illik səlahiyyət müddətinin ortasında keçirilir. Bu seçkilərdə Nümayəndələr Palatasının bütün 435 yeri, Senatın 35 yeri və 36 ştatın qubernator postu uğrunda səsvermə aparılır. Seçkidən əvvəl Konqresin hər iki palatasında çoxluq Respublikaçılar Partiyasına məxsus idi.



