Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelə qiyabi olaraq dövlətə xəyanət şübhəsi elan edilib
SBU və Ukrayna Baş Prokurorluğu Mendelin dövlətə xəyanətdə və Rusiyanın silahlı təcavüzünə bəraət qazandırmaqda şübhəli bilindiyini bildirib. O, hazırda xaricdədir.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq noyabrın 3-də Prezident Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelə qiyabi olaraq şübhəli bilindiyi barədə məlumat verildiyini açıqlayıb.
Mendel iki maddə üzrə şübhəli bilinir: hərbi vəziyyət şəraitində törədilmiş dövlətə xəyanət və Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünə bəraət qazandırma.
SBU-nun məlumatına görə, istintaq Mendelin ictimai çıxışlarında Ukraynanı nüfuzdan saldığını və Rusiyanın müharibəsinə bəraət qazandırdığını müəyyən edib. Mendel hazırda Ukraynadan kənarda olduğu üçün şübhə ona qiyabi qaydada elan edilib.
Mendel barəsində cinayət işi 2026-cı ilin mayında hüquq müdafiəçisi Eduard Bağirovun şikayəti əsasında qeydə alınmışdı. Şikayət onun amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibə ilə bağlı idi. Həmin müsahibədə Mendel Ukraynada hər gün saat 09:00-da həlak olanların xatirəsinin anılmasını “qəribə qayda” adlandırmışdı.
Cinayət işi Ukrayna Cinayət Məcəlləsinin dövlətə xəyanət (111-ci maddənin 2-ci hissəsi) və Rusiyanın silahlı təcavüzünə bəraət qazandırma, onu qanuni sayma və ya inkar etmə (436-2-ci maddənin 2-ci hissəsi) maddələri üzrə açılıb. İbtidai istintaqı SBU-nun Baş İstintaq İdarəsi aparır.
Yuliya Mendel 2019-cu ilin iyunundan 2021-ci ilin iyuluna qədər Volodimir Zelenskinin mətbuat katibi vəzifəsində çalışıb.



