Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edilib
Aralarında İran parlamentinin deputatları, din xadimləri və “Keyhan” qəzetinin baş redaktoru olan 14 İran vətəndaşının Azərbaycana girişinə qadağa qoyulub.

Mediada və sosial şəbəkələrdə Azərbaycana qarşı çağırışlar səsləndirən və düşmənçiliyi təşviq edən 14 İran vətəndaşı Azərbaycan Respublikasının ərazisində “arzuolunmaz şəxs” elan edilib və onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulub. Qərar noyabrın 3-də açıqlanıb.
Açıqlamada bildirilir ki, son zamanlar İran İslam Respublikası vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsasız sərt ittihamların, təhqiramiz ifadələrin, habelə qeyri-qanuni çağırışların artdığı müşahidə olunur.
Açıqlamaya görə, müxtəlif səviyyəli din xadimləri, parlament üzvləri, ekspertlər və media nümayəndələri tərəfindən Azərbaycanın suverenliyi, təhlükəsizliyi, dövlət-din münasibətləri və ölkənin idarəçilik sistemi hədəf götürülür, dini radikalizm təşviq olunur, dini nifrət və düşmənçiliyi qızışdırmağa cəhd edilir, həmçinin hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar edilir.
“Arzuolunmaz şəxs” elan edilənlər bunlardır: Ehsan Movəhhediyan (siyasi təhlilçi, Tehrandakı Əllamə Təbatəbai Universitetinin müəllimi), Əhməd Fərşbafiyan (Təbriz Universiteti nəzdində Qafqaz və Anadolu Araşdırmaları Mərkəzinin keçmiş rəhbəri), İran İslam Şurası Məclisinin deputatları Kamran Qəzənfəri, Əbülfəzl Zöhrəvənd, Abbas Moqtədayi Xorasqani və Əlirza Səlimi, keçmiş deputat Əlirza Beyqi, “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari, Ekspertlər Məclisinin və Məsləhət Şurasının üzvü Ayətullah Möhsün Əraki, Qum Elmi Hövzəsinin Müəllimləri Cəmiyyətinin üzvü Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani, İran Ali Mədəni İnqilab Şurasının katibi Əbdülhüseyn Xosrovpənah, Təbriz imam-cüməsinin ofisinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Hüccətülislam Qulamrza Kavaşi, professor Daryuş Səfərnejad və aktyor, teleaparıcı Əhmədrza Musəvi.
Siyahıda İran İslam Şurası Məclisinin dörd hazırkı və bir keçmiş deputatı, iki ayətullah, Ali Rəhbəri seçən Ekspertlər Məclisinin bir üzvü və İran Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəliyi ilə bağlı bir rəsmi yer alıb.
Azərbaycan ilə İran arasında münasibətlər son illərdə dəfələrlə gərginləşib. 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib, hücum zamanı səfirliyin mühafizə xidmətinin rəhbəri həlak olub və Bakı səfirliyin fəaliyyətini dayandıraraq əməkdaşlarını təxliyə edib.
Həmin ilin aprelində Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bakıdakı səfirliyinin dörd əməkdaşını “arzuolunmaz şəxs” elan edərək ölkəni tərk etmələrini tələb edib.



