Ukrayna Hərbi Hava Qüvvələri: «Hava həyəcanı» tətbiqi, ehtimal ki, sındırılıb, radiasiya təhlükəsi yoxdur
Ukrayna Hərbi Hava Qüvvələri ölkədə heç bir radiasiya təhlükəsinin olmadığını bildirib. Tətbiqin komandası kənar şəxslərin icazəsiz müdaxiləsindən sonra push-bildirişləri söndürüb və tətbiqin işini müvəqqəti dayandırıb.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri 1 noyabr axşamı bildirib ki, «Hava həyəcanı» (Povitryana tryvoha) mobil tətbiqi, ehtimal ki, sındırılıb və Ukraynada heç bir radiasiya təhlükəsi yoxdur.
Hərbi Hava Qüvvələri vətəndaşları sakitliyi qorumağa və rəsmi məlumatları izləməyə çağırıb.
Tətbiqin komandası öz Telegram kanalında bildirib: «Bu gün kənar şəxslər tətbiqin işinə icazəsiz müdaxilə ediblər. Biz push-bildirişləri söndürdük və tətbiqin işini müvəqqəti dayandırdıq. Tətbiq şəxsi məlumatları saxlamır, buna görə də istifadəçilər üçün heç bir təhlükə yoxdur. Xahiş edirik, heç bir halda şübhəli bildirişlərdəki linklərə keçməyin». Komanda tətbiqin işinin bərpası üzərində artıq çalışdığını bildirib və istifadəçilərdən üzr istəyib.
Kiyev Şəhər Dövlət Administrasiyası isə bildirib ki, «Kiyev Rəqəmsal» (Kyiv Tsyfrovyi) tətbiqi və paytaxtdakı küçə xəbərdarlıq sistemi adi rejimdə işləyir və təhlükə yarandığı halda hava həyəcanı barədə xəbərdarlıq edəcək. Administrasiyanın məlumatına görə, həmin anda Kiyevdə hava həyəcanı elan olunmamışdı.
«Hava həyəcanı» tətbiqi 2022-ci ilin martında, Rusiya ilə müharibənin ilk həftələrində istifadəyə verilib və Ukrayna sakinlərini hava hücumu təhlükəsi barədə xəbərdar etmək üçün nəzərdə tutulub. 2022-ci ilin avqustundan tətbiq kimyəvi və radiasiya təhlükələri barədə də xəbərdarlıq göndərir. 2024-cü ilin sonuna tətbiq 24 milyondan çox dəfə yüklənmişdi.



