Zelenski: Rusiya ələ keçirə bilmədiyi ərazilərdən çəkilməyimizi ABŞ vasitəsilə tələb edir
Ukrayna Prezidenti bildirib ki, Kiyev mövcud cəbhə xətti boyunca atəşkəsin tərəfdarıdır, lakin Rusiyanın nəzarətindəki əraziləri bu ölkənin bir hissəsi kimi tanımayacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 1-də bildirib ki, Rusiya Ukraynanın ələ keçirə bilmədiyi ərazilərdən çəkilməsini istəyir və Moskva bu tələbi Kiyevə ABŞ vasitəsilə çatdırır.
Zelenski Rusiyanın tələbini belə dəyərləndirib: «Bu, sağlam düşüncəyə və məntiqə zidd fikirdir».
Ukrayna Prezidentinin sözlərinə görə, Kiyev mövcud cəbhə xətti boyunca atəşkəsin tərəfdarıdır, lakin Rusiyanın nəzarəti altında olan əraziləri bu ölkənin bir hissəsi kimi tanımayacaq.
Zelenski həmin gün Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu da bəyan edib. «Əgər Türkiyə bunu reallaşdıra bilsə, biz bunu qəbul edərik və yalnız sevinərik», – deyən Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderlər zirvəsinin təşkilinə kömək edə biləcəyinə ümid etdiyini bildirib.
Oktyabrın 31-də Türkiyə Prezidenti ilə birgə mətbuat konfransında Zelenski Ukraynanın noyabrın birinci yarısında ABŞ və Rusiya ilə üçtərəfli görüşə hazırlaşdığını açıqlamışdı. Tərəflər Türkiyə, Avropa və digər tərəfdaşların cəlb olunduğu formatları, o cümlədən görüşlərin Türkiyədə keçirilməsi variantını da müzakirə ediblər. Zelenski Ərdoğana sülhə və təhlükəsizliyə yönəlmiş «bütün perspektivli ideyaları» dəstəklədiyi üçün təşəkkür edib, iki lider Qara dənizdə taxıl dəhlizi üzərində işləmək barədə razılığa gəlib.
Bu ilin martında da Zelenski bildirmişdi ki, Moskva amerikalı tərəfdaşlar vasitəsilə Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını tələb edib. Rusiya 2014-cü ildə Krımı ilhaq edib, 2022-ci ilin sentyabrında isə Donetsk, Luhansk, Zaporojye və Xerson vilayətlərini öz tərkibinə qatdığını elan edib. Ukrayna bu addımları tanımır, BMT Baş Assambleyası da onları qeyri-qanuni sayan qətnamələr qəbul edib.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləyə başlayıb. Zelenski noyabrın 1-də həmçinin bildirib ki, oktyabr ayında Rusiya ordusu 54 400 hərbçi itirib.



