Azərbaycanda qızları hicab səbəbindən məktəbə buraxılmayan üç ana həbs olunub
Azərbaycanda hicablı qızların məktəbə buraxılmaması davam edir, buna etiraz edən analardan Nübar Həsənova, Nərgizxanım Məmmədova və Çinarə Dərgahova həbs olunub.

Azərbaycanda hicablı qızların məktəbə buraxılmaması davam edir, qızların analarından üçü isə həbs olunub. Həbs olunanlar Nübar Həsənova, Nərgizxanım Məmmədova və Çinarə Dərgahovadır.
15 yaşlı qızı başörtüsü səbəbindən məktəbə buraxılmayan Nübar Həsənova vəziyyətə etiraz edərək qızını sinfə daxil etmək istəyib. Bundan sonra o, mülki geyimli polislər tərəfindən kobud güc tətbiq edilməklə saxlanılıb və həbs olunub.
Həbs olunan analar arasında Nərgizxanım Məmmədova da var. Onun 3-cü sinifdə oxuyan qızı dərsdən zorla çıxarılaraq başörtüsünü açması üçün psixoloqun yanına aparılıb.
4-cü sinif şagirdinin anası Çinarə Dərgahovaya isə "qızın dərsə buraxılacaq" vədi verilərək etiraz videolarını sildiriblər, bundan sonra o da həbs olunub.
Azərbaycan Nazirlər Kabineti 21 sentyabr 2026-cı ildə məktəbli forması qaydalarına dəyişiklik edərək "dünyəvi təhsil prinsipinə uyğun olmayan" geyimləri qadağan edib. Qaydalarda hicabın adı açıq şəkildə çəkilmir. Qaydalar 12 oktyabrda qüvvəyə mindikdən sonra məktəblər başörtülü qızları binaya buraxmamağa başlayıb.
12 oktyabrda Daxili İşlər Nazirliyi Bakıda ictimai asayişin pozulmasına görə 37 nəfərin saxlanıldığını bildirib. Qadağaya etiraz edən fəal İlkin Hüseynov 30 gün inzibati həbs cəzası alıb. Hicab qadağasına etiraz edərək aclıq edən məhbus Yavər İsmayılzadənin də cəzaçəkmə müəssisəsində döyüldüyü bildirilib.
"Amnesty International" və "Human Rights Watch" təşkilatları oktyabrda Azərbaycan hakimiyyətini məktəblərdəki hicab məhdudiyyətlərini ləğv etməyə və dinc etirazçıları azad etməyə çağırıb.



