Qazaxıstan: PUA hücumundan sonra «Atırau–Samara» kəməri ilə neftin nəqli müvəqqəti dayandırılıb
Qazaxıstan Energetika Nazirliyi Rusiyanın Samara istehsal-dispetçer qovşağının obyektlərinə pilotsuz uçuş aparatlarının hücumundan sonra kəmər ilə neft nəqlinin müvəqqəti dayandırıldığını bildirib.

Qazaxıstan Energetika Nazirliyi 2 noyabrda bildirib ki, Rusiyadakı Samara istehsal-dispetçer qovşağının obyektlərinə pilotsuz uçuş aparatlarının hücumundan sonra «Atırau–Samara» neft kəməri ilə neftin nəqli müvəqqəti dayandırılıb.
Nazirliyin açıqlamasında hücum nəticəsində dəyən ziyan, xəsarət alanların olub-olmaması və nəqlin nə vaxt bərpa ediləcəyi barədə məlumat verilməyib.
«Atırau–Samara» kəməri Qazaxıstanın Atırau şəhərini Rusiyanın Samara şəhəri ilə birləşdirir. Samarada Qazaxıstan nefti Rusiyanın «Transneft» şirkətinin magistral boru kəmərləri sisteminə ötürülür.
Bu marşrut Qazaxıstanın əsas ixrac yolu olan və nefti Rusiyanın Novorossiysk limanı yaxınlığındakı terminala çatdıran Xəzər Boru Kəməri Konsorsiumu (KTK) ilə yanaşı ölkənin neft ixracı yollarından biridir.
Bu il KTK infrastrukturuna pilotsuz uçuş aparatlarının hücumlarından sonra terminalda yükləmələr dəfələrlə dayandırılmışdı, Qazaxıstan tərəfi isə həmin dövrdə «Atırau–Samara» marşrutu ilə neft tədarükünü artırdığını bildirmişdi.


