Ədən hökuməti: Ləhcdə Əs-Səqiyə səhiyyə mərkəzinə ballistik raket zərbəsi nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb
Yəmənin Ədəndəki hökumətinin Səhiyyə Nazirliyi Ləhc vilayətindəki Əs-Səqiyə səhiyyə mərkəzinin Ənsarullah tərəfindən ballistik raketlə vurulduğunu bildirib.

Yəmənin Ədəndəki hökumətinin Səhiyyə Nazirliyi noyabrın 2-də Ləhc vilayətindəki Əs-Səqiyə səhiyyə mərkəzinin atəşə tutulması nəticəsində 5 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb. Nazirlik zərbəni Ənsarullah hərəkatının (husilərin) endirdiyini bildirib.
Ədən hökumətinin Baş naziri bəyanatında Əs-Səqiyə səhiyyə mərkəzinin ballistik raketlə hədəfə alındığını bildirib və bunu "bütün tərkib hissələri olan terror cinayəti" adlandırıb.
Ənsarullah tərəfi bu iddialara dair hələlik açıqlama yayımlamayıb.
Eyni gün Ədən hökumətinə tabe qüvvələr son 24 saat ərzində Ənsarullaha məxsus mövqelərə qarşı 951 hədəfləmə əməliyyatı keçirdiklərini və Taiz vilayətində döyüşlərin davam etdiyini bildirib.
Ləhc vilayəti Yəmənin cənubunda, Ədən şəhərinin şimalında yerləşir. Son günlər vilayətdə Səna hökumətinə bağlı Yəmən Silahlı Qüvvələri ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr arasında döyüşlər gedir; Səna tərəfi bu gün səhər saatlarında Ləhcdə bir kəndi və bir neçə yüksəkliyi nəzarətə götürdüyünü açıqlayıb.
Noyabrın 2-də Taiz vilayətinin cənubundakı Əl-Məxaf bölgəsində bir bazar da hədəfə alınıb, ölənlər və yaralılar olub; Səna tərəfi zərbəni Səudiyyə Ərəbistanının, hökumətə yaxın tərəf isə Ənsarullahın endirdiyini bildirib. Səna hökumətinin Xarici İşlər Nazirliyi isə 13 iyuldan bəri Səudiyyə Ərəbistanının Yəmənə 3830-dan çox hava və raket zərbəsi endirdiyini, 768 nəfərin həlak olduğunu və ya yaralandığını bəyan edib.



