Hüquq müdafiəçisi: 17 saylı Cəzaçəkmə Müəssisəsində aclıq edən dindar məhbuslar döyülüb, işgəncəyə məruz qalıb
Dini inanclıların hüquqlarının müdafiəçisi Arzu Abdullanın sözlərinə görə, hicab qadağasına etiraz olaraq aclıq aksiyası keçirən təxminən 60 məhbusdan bir qismi oktyabrın 21-də müəssisə rəhbərliyi tərəfindən döyülüb.

17 saylı Cəzaçəkmə Müəssisəsində hicab qadağasına etiraz olaraq aclıq aksiyası keçirən dini inanclı məhbusların kütləvi şəkildə döyüldüyü və işgəncələrə məruz qaldığı bildirilir. Bu barədə məlumatı dini inanclıların hüquqlarının müdafiəçisi Arzu Abdulla noyabrın 6-da sosial şəbəkə hesabında yayıb.
Onun sözlərinə görə, təxminən 60-a yaxın məhbus oktyabrın 13-15-də aclıq aksiyasına başlayıb. Aclığa başlamazdan öncə onlar müəssisə rəisi Şəfaət Abbasova yazılı müraciət ünvanlayıblar. Penitensiar Xidmətdən aclığı dərhal dayandırmaq tapşırığı gəlsə də, məhbuslar aclığı davam etdiriblər, bundan sonra aclıq edənlərin bir hissəsi cəza kamerasına (karserə) salınıb.
Hüquq müdafiəçisinin məlumatına görə, oktyabrın 21-də müəssisənin rəisi Şəfaət Abbasov, onun müavinləri Samit Qafarov, Emin Eminəliyev və Vüqar İsmixanlı, eləcə də Penitensiar Xidmətin bəzi əməkdaşları məhbusları döyüblər. Arzu Abdulla adı açıqlanmayan həbsxana əməkdaşına istinadən yazır ki, karserdə saxlanılan, aclıq aksiyasına qoşulmuş 20 dindar məhbus bir-bir kameradan çıxarılaraq huşlarını itirənədək döyülüb. Paylaşımda iddia olunur ki, müəssisə rəisi döyülmə əmrini Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi Fikrət Qafarovun verdiyini deyib.
Arzu Abdullanın istinad etdiyi əməkdaşın sözlərinə görə, “rəisin birinci müavini Emin Eminəliyev karserdə namaz qılan dindarın üstünə cumub, başı səcdədə olduğu halda başına təpiklə dayanmadan vurmağa başladı”. Məlumatda bildirilir ki, bir neçə məhbusun ağzından və qulaqlarından qan axıb, bəzi məhbusların qolları arxadan burulub, onların üzləri və başları qırxılıb. Hüquq müdafiəçisi həmçinin yazır ki, bəzi məhbuslar aclığı dayandırmadıqları təqdirdə zorlanacaqları ilə hədələnib və videoya çəkiliblər.
Hüquq müdafiəçisinin yazdığına görə, ən çox işgəncəyə Müsəlman Birliyi Hərəkatının üzvləri Tural Vəliyev və İbrahim Muradov, eləcə də Əsəd Ağaşov, Aydın Hüseynzadə, Qalib Bəndəliyev və Mahmudağa Ağayev məruz qalıb. Onun sözlərinə görə, məhbusların ailələri Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə və Ombudsman Aparatına dəfələrlə şikayət etsələr də, müraciətlərə reaksiya verilməyib; Ombudsman Aparatından ailələrə hər dəfə “Baş çəkəcəyik” cavabı verilib.
Arzu Abdulla müəssisədəki saxlanma şəraitinin qənaətbəxş olmadığını, yataq ləvazimatlarından ailə görüşünə qədər hər şeyin rüşvətlə alınıb-satıldığını da iddia edib. Onun sözlərinə görə, 2022-ci ildən şiə dindarların narkotik ittihamları ilə kütləvi həbsindən sonra dindar məhbusların təxminən 90 faizi 17 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib. Məsələ ilə bağlı Penitensiar Xidmətin, Ədliyyə Nazirliyinin və Ombudsman Aparatının mövqeyi məlum deyil.
Hicabla bağlı mübahisə sentyabrın 21-də Nazirlər Kabinetinin məktəblərdə şagirdlərin geyim qaydalarına dəyişiklik etməsindən sonra başlayıb. Qərara əsasən, məktəbli formasının vahidliyini pozan və təhsilin dünyəvi prinsiplərinə uyğun olmayan geyimlərə icazə verilmir. Sənəddə hicabın adı birbaşa çəkilməsə də, oktyabrın 12-dən bəzi məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmadığı barədə məlumatlar yayılıb. Bakıda və bölgələrdə keçirilən etirazlar zamanı saxlanılanlar olub, daha sonra dini inanclı məhbuslar hicablı şagird və müəllimlərin hüquqlarının müdafiəsi tələbi ilə aclıq aksiyalarına başlayıblar.



