Əraqçi: Hörmüzün açılması üçün masada yalnız İranın təklifi var, icra müddətini iki günə qısaldan təklifə gəlinib
İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının yenidən açılması ilə bağlı İranın şərtlərini sadalayıb və hazırda ABŞ rəsmiləri ilə görüş planı olmadığını bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçi oktyabrın 31-də verdiyi müsahibədə bildirib ki, Hörmüz boğazının yenidən açılması üçün hazırda masada olan yeganə təklif İranın təklifidir. Onun sözlərinə görə, Qətər tərəfi İran təklifinin icra müddətinin 5 günə endirilməsini təklif edib. “Hazırkı mərhələdə icra müddətini iki günə qədər qısaldan təklifə gəlmişik”, – deyə nazir bildirib.
Əraqçi İranın şərtlərini sadalayıb: İslamabad memorandumundan sonra tətbiq edilən sanksiyaların ləğvi, ABŞ-ın regiondakı qüvvələrinin azaldılması, neft muafiyyətlərinin bərpası və Qətərdəkilər də daxil olmaqla İranın bütün dondurulmuş vəsaitlərinin azad edilməsi. Nazir həmçinin İranın Omanla birlikdə Hörmüz boğazında müəyyən etdiyi yeni gəmiçilik marşrutunun tanınmasını və digər marşrutların bağlanmasını, eləcə də Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılmasını və sona çatdırılmasını şərt kimi irəli sürüb. “Hörmüz boğazının şərtlərimizə uyğun olaraq yenidən açılması Vaşinqtonla həll olunmamış məsələlər üzrə danışıqların bərpasına zəmin yaradır”, – deyə o əlavə edib.
ABŞ vitse-prezidenti Ceyms Vensin məktubundan danışan Əraqçi bildirib: “Vensin məktubunu diqqətlə araşdırdıq və yüksək səviyyəli iclaslarda müzakirə etdik.” O, Amerika tərəfinin dialoq və anlaşma qapısını daha geniş açmaq cəhdini müsbət addım adlandırıb, lakin əlavə edib ki, əgər Vaşinqtonun bu məktubla məqsədi fikir ayrılıqları yaratmaqdırsa, bu, onun əvvəlki səhvlərinə əlavə olunan yeni bir səhv olacaq.
Nazir hazırda ABŞ rəsmiləri ilə görüş planı olmadığını, bu barədə yayılan məlumatların sadəcə media ehtimalları olduğunu deyib. “Hazırda amerikalılarla görüşməyə ehtiyac görmürük. Şərtlərimiz aydındır və vasitəçilər bu şərtlərlə bağlı məsləhətləşmələri davam etdirirlər”, – deyə o bildirib. Əraqçinin sözlərinə görə, danışıqların birbaşa və ya dolayı olacağı Vaşinqton İranın şərtlərini qəbul etdikdən sonra qərara alınacaq.
Əraqçi bildirib ki, İran nümayəndə heyəti Dohaya yola düşüb, onun müavini isə məsləhətləşmələri davam etdirmək üçün Qətərdədir. Onun sözlərinə görə, Qətər və Pakistan vasitəçiləri İranın şərtləri ilə bağlı məsləhətləşmələri davam etdirir, vasitəçilər nüvə məsələsi ilə bağlı da təkliflər təqdim ediblər və Tehran bu təklifləri ikinci mərhələ çərçivəsində öyrənir. Nazir Qətər və Pakistana səyləri və davamlı təmasları üçün təşəkkür edib.
Əraqçi İranın Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin üzvü olduğunu və bu müqavilə üzrə öhdəliklərinə sadiq qaldığını vurğulayıb, lakin Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığın normal vəziyyətə qayıtmasından hələ çox uzaq olduqlarını deyib. O, müharibənin başlaması ilə bağlı heç bir ehtimalı istisna etmədiklərini və bütün ssenarilərə hazır olduqlarını bildirib: “Silahlarımızı yenilədik, zəif nöqtələri aradan qaldırdıq, yeni silahları sınaqdan keçirdik və qüvvələrimiz ən yüksək hazırlıq vəziyyətindədir.” Nazir iqtisadi təzyiqləri inkar etmədiklərini, lakin təslim olmayacaqlarını və ləyaqətlərindən imtina etməyəcəklərini deyib.
Bu açıqlamalar Qətər nümayəndə heyətinin Tehranda keçirilən danışıqlardan sonra İran paytaxtını tərk etməsindən saatlar sonra səslənib. Əraqçinin adını çəkdiyi İslamabad memorandumu ABŞ ilə İran arasında iyun ayında əldə olunan və sülh danışıqlarının şərtlərini müəyyən edən razılaşmadır. Əraqçi avqust ayında İranla Omanın Hörmüz boğazından keçən yeni gəmiçilik marşrutu üzrə razılaşmaya çox yaxın olduğunu bildirmişdi.



