Taizdə bazardakı mağazaya Səudiyyə təyyarələrinin hücumu: aralarında uşaqların da olduğu 6 mülki şəxs yaralanıb
Yəmənin Taiz vilayətinin qərbindəki Əl-Vaziyyə rayonunda bazarda yerləşən mağazaya Səudiyyə təyyarələrinin hücumu nəticəsində aralarında uşaqların da olduğu 6 mülki şəxs yaralanıb.

Yəmənin cənub-qərbindəki Taiz vilayətinin qərbində yerləşən Əl-Vaziyyə rayonunda oktyabrın 31-də bazardakı mağazaya Səudiyyə təyyarələrinin hücumu nəticəsində aralarında uşaqların da olduğu 6 mülki şəxs yaralanıb. Bu barədə Yəmən tərəfi bildirib.
Yəmən tərəfinin məlumatına görə, həmin gün Səudiyyə təyyarələri Taiz vilayətinin cənubundakı Əş-Şəmayteyn rayonuna da hava zərbələri endirib. Bu zərbələrin nəticələri barədə əlavə məlumat verilməyib.
Taiz vilayəti son günlərdə də Səudiyyə zərbələrinin hədəfində olub. Oktyabrın 30-da Taizdə iki evə Səudiyyə təyyarələrinin endirdiyi zərbə nəticəsində 7 nəfər şəhid olub, bir qız uşağı yaralanıb.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri oktyabrın 30-da bildirib ki, Səudiyyə Ərəbistanı son 24 saat ərzində Yəmənə 93 hava və raket zərbəsi endirib. Həmin gün Yəmən qüvvələri Ədən hava limanını və Əl-Məaşiq prezident sarayını ballistik raketlərlə hədəfə alıb.
Oktyabrın 31-də Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyadın Yəmən ərazisindən buraxılan pilotsuz uçuş aparatının hücumuna məruz qaldığını bildirib. Həmin gün Yəmən ordusu Səudiyyə Ərəbistanının Nəcran şəhərinə raket hücumu edib.



