Kiyevdə kritik obyektə üç PUA dəyib, paytaxtın bir hissəsində su yoxdur
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, PUA zərbəsindən sonra paytaxtın sol sahilində, Peçersk, Solomyanski və Holosiyiv rayonlarında su təchizatı dayanıb, qəza işləri davam edir.

Oktyabrın 30-u axşam Kiyevdəki kritik infrastruktur obyektlərindən birinə üç pilotsuz uçuş aparatı (PUA) dəyib və bunun nəticəsində paytaxtda su təchizatında problemlər yaranıb. Bunu Kiyev meri Vitali Kliçko bildirib.
Kliçkonun sonrakı açıqlamasına görə, Obolon rayonunda su təchizatı bərpa olunub. Svyatoşin, Podol və Şevçenko rayonlarında hazırda suyun verilmə təzyiqi aşağıdır.
Kliçko əlavə edib ki, paytaxtın sol sahilində, həmçinin Peçersk, Solomyanski və Holosiyiv rayonlarında su yoxdur. Onun sözlərinə görə, qəza işləri davam edir.
Həmin axşam Kiyevdə PUA təhlükəsi səbəbindən iki dəfə hava həyəcanı elan olunub. Birinci həyəcan zamanı eşidilən partlayışlardan sonra şəhərin bəzi rayonlarında elektrik enerjisi kəsilib. Kliçko o zaman kritik infrastruktur obyektinə zərbə dəydiyini və təcili xidmətlərin hadisə yerinə yollandığını bildirmişdi.
Ukrayna tərəfinin məlumatına görə, həmin gecə Dnepr şəhərində də partlayışlar eşidilib. Xarkov meri İqor Terexov şəhərin Osnovyanski rayonuna reaktiv "Şahed" PUA-sının dəydiyini və zərbə yerində yanğın başladığını bildirib.
Zərbələr Kremlin Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların noyabrda Əbu-Dabidə bərpa olunacağını açıqladığı gün baş verib. Kremlin sözçüsü Dmitri Peskov həmin gün bildirib ki, üçtərəfli danışıqlara hazırlıq döyüş əməliyyatlarının dayandırılması öhdəliyini nəzərdə tutmur.



