Hicab qadağasına etiraz edərək aclıq edən məhbus Yavər İsmayılzadənin döyüldüyü bildirilir
Məhbus ailələrinin verdiyi məlumata görə, 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Yavər İsmayılzadə oktyabrın 14-dən aclıq edir, son günlərdə iki dəfə fiziki zorakılığa məruz qalıb və vəziyyəti ağırdır.

1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan, hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Yavər İsmayılzadənin işgəncəyə məruz qaldığı və özünə ağır xəsarət yetirdiyi bildirilir.
Məhbus ailələrinin verdiyi məlumata görə, Şəmkir rayon sakini Yavər İsmayılzadə Azərbaycanda hicablı şagirdlərin məktəblərə buraxılmamasına etiraz olaraq oktyabrın 14-dən aclıq aksiyası keçirir. Bildirilir ki, məhbus aksiyaya başladığı ilk gündən cərimə kamerasına ("kars") salınıb və aclığı dayandırması üçün ona dəfələrlə təzyiq göstərilib.
İddialara görə, aclıq aksiyasını dayandırmayacağı təqdirdə onu daha sərt rejimli Umbakı həbsxanasına köçürəcəkləri və cəza müddətini artıracaqları ilə hədələyiblər.
Məlumata görə, son günlərdə məhbus iki dəfə fiziki zorakılığa məruz qalıb və hər iki hadisədən sonra özünə xəsarət yetirib. İlk hadisə təxminən bir həftə əvvəl baş verib. Oktyabrın 30-da isə aclığı dayandırmaq tələbini yerinə yetirmədiyinə görə yenidən döyüldüyü iddia edilir.
Müəssisədə saxlanılan digər məhbuslara Penitensiar Xidmətin əməkdaşları onun vəziyyətinin ağır olduğunu deyiblər. Lakin baş verənlər barədə məhbusun ailəsinə məlumat verilmir. Yavər İsmayılzadənin hazırda harada saxlanıldığı, hansı tibbi yardım aldığı və səhhətinin dəqiq vəziyyəti barədə rəsmi məlumat yoxdur. İşgəncə ilə bağlı iddialar rəsmi şəkildə təsdiqlənməyib, Penitensiar Xidmətin məsələyə münasibəti hələlik məlum deyil.
"Müsəlman Birliyi Hərəkatı"nın üzvü Yavər Azər oğlu İsmayılzadə ikinci dəfə həbsdədir. O, ilk dəfə 2018-ci ildə Gəncədə baş verən hadisələrdən sonra saxlanılıb, 2019-cu ilin mayında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin avqustunda apellyasiya instansiyası cəzanı 5 ilə endirib. İsmayılzadə 2022-ci ilin mayında İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.
O, 2023-cü il martın 30-da yenidən saxlanılıb və ona narkotik vasitələrlə bağlı ittiham irəli sürülüb. 2023-cü il noyabrın 21-də Gəncə Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib, əvvəlki cəzasından qalan 2 il 6 ay da yeni hökmə əlavə olunub və ümumilikdə 5 il 6 ay həbs cəzası təyin edilib. Yavər İsmayılzadə ittihamları qəbul etmir, hüquq müdafiəçiləri isə onun həbsini siyasi motivli hesab edirlər.
Bu ay hicab qadağasına etiraz olaraq aclıq edən başqa məhbuslar barədə də məlumatlar yayılıb. Həbsdə olan jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova onun oktyabrın 12-dən aclıq etdiyini və 15 saylı Cəzaçəkmə Müəssisəsində döyüldüyünü bildirib.



