Xarkov vilayətinin İzyum şəhərinə aviazərbələr: 1 nəfər həlak olub, 15 nəfər həkimə müraciət edib
Zərbələr şəhərin üç hissəsinə dəyib, iki yaşayış binası vurulub, onlarla ev və avtomobil zədələnib.

Ukraynanın Xarkov vilayətindəki İzyum şəhərinə 2 noyabr tarixində endirilən aviazərbələr nəticəsində bir nəfər həlak olub, 15 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. Bu barədə İzyum Şəhər Hərbi Administrasiyası məlumat verib.
Administrasiyanın məlumatına görə, zərbələr şəhərin İPZ rayonuna, mərkəzinə və Qonçarivka məhəlləsinə dəyib.
İPZ rayonunda beşmərtəbəli yaşayış binası vurulub, qonşuluqdakı beş çoxmənzilli bina zədələnib, yanğın nəticəsində bir neçə minik avtomobili məhv olub.
Şəhər mərkəzində dördmərtəbəli yaşayış binası vurulub, daha altı bina zədələnib, yanğın orada park edilmiş avtomobilləri məhv edib.
Qonçarivka məhəlləsinə iki idarə olunan aviabomba (KAB) düşüb. Nəticədə təxminən 20 fərdi yaşayış evi və iki ticarət obyekti zədələnib.
Ukrayna tərəfinin məlumatına görə, İzyum son günlərdə də dəfələrlə hücuma məruz qalıb: 26 oktyabrda idarə olunan aviabomba zərbəsi nəticəsində üç nəfər yaralanıb, 29 oktyabrda isə şəhərə endirilən aviazərbədə dörd nəfər həlak olub.
Xarkov vilayətinin cənub-şərqində yerləşən İzyum 2022-ci ilin aprelində Rusiya qoşunları tərəfindən ələ keçirilib, həmin ilin sentyabrında isə Ukrayna ordusunun əks-hücumu zamanı geri alınıb.



