200 min manatlıq rüşvət ittihamı: üç vergi məmurunun işi məhkəməyə göndərilib
Dövlət Vergi Xidmətinin sahibkarlardan ümumilikdə 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsinin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Dövlət Vergi Xidmətinin sahibkarlardan ümumilikdə 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsinin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə noyabrın 2-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
İttiham olunan şəxslər Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin rəis müavini Eldəniz Əhmədov, həmin qurumun Sahə təhkimçiliyi idarəsinin rəis müavini Rüstəm Mirzəyev və idarənin 4-cü şöbəsinin rəisi Kənan Məmmədovdur.
İstintaq materiallarına əsasən, adıçəkilən şəxslərin paytaxtdakı ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan müxtəlif güzəştlər vəd etməklə pul aldıqları iddia olunur. Vergi yoxlamalarının keçirilməməsi, cərimələrin tətbiq edilməməsi və digər imtiyazların təmin olunması müqabilində onlardan ümumilikdə 200 min manat məbləğində rüşvət alındığına dair əsaslı şübhələr müəyyən edilib.
Baş Prokurorluğun məlumatına görə, Eldəniz Əhmədov, Rüstəm Mirzəyev və Kənan Məmmədova qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma ittihamı irəli sürülüb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İttiham olunan şəxslər təqsirli bilinərək məhkum edilərlərsə, 12 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilərlər.
Azərbaycanda son illərdə gömrük, vergi və digər dövlət qurumlarının əməkdaşlarının korrupsiya və rüşvət ittihamları ilə saxlanılması barədə məlumatlar mütəmadi yayılır.



