Bazar ertəsi, 2 noyabr 2026 Bakı vaxtı14:57:04
The Baku NEWS
SON XƏBƏR
●Xarkov vilayətinin İzyum şəhərinə aviazərbələr: 1 nəfər həlak olub, 15 nəfər həkimə müraciət edib●Qətərdəki görüşlərdən və İran–ABŞ danışıqları ilə bağlı xəbərlərdən sonra «Brent» nefti 108 dollara düşüb●Belçikanın Baş naziri Bart De Vever büdcə razılaşması əldə olunmadığı üçün istefa ərizəsi verib●Paşinyan: Yeni Konstitusiyadan sonra Azərbaycanla sülh sazişi imzalanacaqmı?●Amnesty International Meydan TV jurnalistlərinin təcili azadlığa buraxılmasını tələb edib●Yəmən hərbi mənbəyi: Səudiyyə birləşmələrinin Bab əl-Məndəb istiqamətində irəliləmə cəhdlərinin qarşısı alınıb●Bəqai: Dəniz blokadası aradan qaldırılmasa, Hörmüz boğazı təhlükəsiz olmayacaq●Si Cinpin: Yaxın Şərq və Körfəz böyük dövlətlərin rəqabəti üçün döyüş meydanına çevrilməməlidir●Xarkov vilayətinin İzyum şəhərinə aviazərbələr: 1 nəfər həlak olub, 15 nəfər həkimə müraciət edib●Qətərdəki görüşlərdən və İran–ABŞ danışıqları ilə bağlı xəbərlərdən sonra «Brent» nefti 108 dollara düşüb●Belçikanın Baş naziri Bart De Vever büdcə razılaşması əldə olunmadığı üçün istefa ərizəsi verib●Paşinyan: Yeni Konstitusiyadan sonra Azərbaycanla sülh sazişi imzalanacaqmı?●Amnesty International Meydan TV jurnalistlərinin təcili azadlığa buraxılmasını tələb edib●Yəmən hərbi mənbəyi: Səudiyyə birləşmələrinin Bab əl-Məndəb istiqamətində irəliləmə cəhdlərinin qarşısı alınıb●Bəqai: Dəniz blokadası aradan qaldırılmasa, Hörmüz boğazı təhlükəsiz olmayacaq●Si Cinpin: Yaxın Şərq və Körfəz böyük dövlətlərin rəqabəti üçün döyüş meydanına çevrilməməlidir
Azərbaycan

Amnesty International Meydan TV jurnalistlərinin təcili azadlığa buraxılmasını tələb edib

Təşkilat həbsdə olan Aynur Elgünəş, Aytac Tapdıq və Şəmşad Ağanın səhhətinin ağırlaşdığını, onların lazımi tibbi yardım ala bilmədiklərini bildirib.

The Baku NEWS·2 noyabr 2026, 13:42 (Bakı vaxtı)
Amnesty International Meydan TV jurnalistlərinin təcili azadlığa buraxılmasını tələb edib

Beynəlxalq insan hüquqları təşkilatı Amnesty International Azərbaycanda həbsdə olan jurnalistlərin səhhəti ilə bağlı yeni təcili bəyanat yayıb. Təşkilat Azərbaycan hökumətindən Meydan TV-nin baş redaktoru Aynur Elgünəş, jurnalist Aytac Tapdıq və redaktor Şəmşad Ağanın, eləcə də “Meydan TV işi” üzrə həbsdə olan digər jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib. Amnesty International hesab edir ki, jurnalistlər müstəqil peşə fəaliyyətlərinə görə siyasi motivli ittihamlarla təqib olunurlar.

Təşkilatın məlumatına görə, ciddi böyrək problemindən əziyyət çəkən Aynur Elgünəş oktyabrın 18-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Həkimlər təcili cərrahi əməliyyat tövsiyə etsələr də, jurnalist hələ əməliyyat olunmayıb. Vəkillərinin məlumatına əsaslanan təşkilat bildirir ki, fiziki məhdudiyyətləri olan jurnalistin döş qəfəsində də törəmələr aşkarlanıb. Səhhətinin gündən-günə pisləşməsinə baxmayaraq, oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi onun ev dustaqlığına buraxılması barədə vəsatəti rədd edib.

Amnesty International qeyd edir ki, jurnalist Aytac Tapdıq 22 aydan çoxdur ehtiyac duyduğu tibbi yardımı ala bilmir: burun çəpərində əyrilik olan jurnalist otorinolarinqoloq müayinəsi və müalicəsindən məhrum edilib. Mədə xorasından əziyyət çəkən Şəmşad Ağanın da müalicəyə ehtiyacı olduğu bildirilir; təşkilat onun köçürüldüyü tibb müəssisəsində zəruri tibbi yardımla təmin edilməsinin vacibliyini vurğulayıb.

Bəyanatda “Meydan TV işi” üzrə həbsdə olan digər jurnalistlərin də polis və penitensiar xidmət əməkdaşları tərəfindən zorakılığa məruz qaldıqları barədə məlumatlara yer verilib. Təşkilatın sözlərinə görə, Ülviyyə Əli (Quliyeva), Aysel Ümüdova, Xəyalə Ağayeva və Nurlan Libre (Qəhrəmanlı) müxtəlif formalarda zorakılığa məruz qaldıqlarını bildiriblər və bu iddiaların heç biri effektiv şəkildə araşdırılmayıb. Amnesty International zəruri tibbi yardımdan məhrumetmənin də qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hesab oluna biləcəyini vurğulayıb.

Sənəddə məhkəmə prosesi ilə bağlı yeni məqama da diqqət çəkilib: oktyabrın 12-də Dövlət Vergi Xidməti iş üzrə təqsirləndirilən 12 nəfərə qarşı ümumilikdə 79 089 manatlıq mülki iddia qaldırıb. Təşkilatın məlumatına görə, iddiada hər bir şəxsin fərdi məsuliyyəti və tələb olunan məbləğin onlar arasında bölgüsü göstərilməyib. Amnesty International bunu məhkəmə prosesinin ədalətli məhkəmə araşdırması standartlarına uyğun aparılmadığını göstərən əlavə hal kimi qiymətləndirir.

Təşkilat xatırladır ki, 2023-cü ilin noyabrından Azərbaycanda 30-a yaxın jurnalist və media işçisi həbs edilib. Amnesty International ictimaiyyəti İlham Əliyevə müraciət göndərməyə çağırıb. Müraciətdə jurnalistlərin dərhal və qeyd-şərtsiz azad olunması, onların zəruri tibbi yardımla təmin edilməsi, işgəncə və pis rəftar iddialarının müstəqil şəkildə araşdırılması, həmçinin müstəqil medianın və dinc etirazların cinayət təqibi vasitəsilə hədəfə alınmasına son qoyulması tələb olunur. Təşkilat çağırış kampaniyasını 2027-ci il yanvarın 30-dək davam etdirəcək.

“Meydan TV işi” üzrə ilk həbslər 2024-cü il dekabrın 6-da başlayıb, hazırda 12 nəfər məhkəmə qarşısına çıxarılıb. Jurnalistlər qaçaqmalçılıq və digər cinayətlərdə ittiham olunurlar. Onlar ittihamları qəbul etmir, həbslərini hökumətin korrupsiyası və digər qanunsuzluqları ilə bağlı jurnalist fəaliyyətlərinə görə təqib olunmaları ilə əlaqələndirirlər. Amnesty International bu ilin əvvəlində də “həbsdəki jurnalistlərin səhhəti ağır vəziyyətdədir” başlıqlı təcili çağırış yaymışdı.

Digər xəbərlər

Xəbərləri ilk siz öyrənin

Ən mühüm hadisələr dəqiqəsində — The Baku NEWS Telegram kanalında.

Kanala qoşul