İşğalçı qüvvələr 10 günlük hərbi əməliyyatdan sonra Əl-Xəlil şəhərindən çəkilib
Əl-Xəlil valisi işğalçı qüvvələrin 10 gün davam edən hərbi əməliyyatdan sonra şəhərdən çəkildiyini və evlərini tərk etməyə məcbur edilən ailələrin geri qayıda biləcəyini bildirib.

İsrail işğalçı qüvvələri İordan çayının qərb sahilindəki Əl-Xəlil (Hebron) şəhərindən 10 gün davam edən hərbi əməliyyatdan sonra çəkilib. Bunu 2 noyabrda Əl-Xəlil valisi bildirib.
Vali əlavə edib ki, evlərini tərk etməyə məcbur edilmiş ailələr işğalçı qüvvələrin şəhərdən çəkilməsindən sonra evlərinə qayıda bilərlər.
Əməliyyat oktyabrın 23-də Əl-Xəlil yaxınlığında iki fələstinli silahlının atəş açması nəticəsində iki İsrail hərbçisinin öldürülməsindən sonra başlamışdı. Həmin hücumda daha üç hərbçi yaralanmış, hər iki silahlı öldürülmüşdü.
Əməliyyat zamanı şəhər sakinlərinin bir hissəsi evlərindən çıxarılmışdı. Əl-Xəlilin meri Yusif əl-Cabari təxminən 2 200 nəfərin evlərini tərk etməyə məcbur edildiyini, sakinlərin şəhərə daxil ola və şəhərdən çıxa bilmədiyini bildirmişdi. İsrailin müdafiə naziri İsrail Kats isə bu rəqəmi təxminən 2 000 nəfər kimi açıqlamışdı.
Əl-Xəlil bələdiyyəsinin məlumatına görə, əməliyyat zamanı təxminən 35 hektar ərazi dağıdılmış və ya söküləcək kimi işarələnmişdi. Əl-Xəlil İordan çayının qərb sahilinin ən böyük şəhərlərindən biridir.



