IPI: Azərbaycanda müstəqil media qurumlarının hesabları saxta müəllif hüququ şikayətləri ilə bağlanır
Beynəlxalq Mətbuat İnstitutunun araşdırmasına görə, “Abzas Media”, “Meydan TV”, “Toplum TV”, “Hamam Times” və “Azadlıq” qəzeti sosial şəbəkələrdə saxta müəllif hüququ şikayətləri ilə hədəfə alınıb.

Beynəlxalq Mətbuat İnstitutu (IPI) Azərbaycanda, Gürcüstanda və Somalidə müstəqil media qurumlarının sosial şəbəkə hesablarının saxta müəllif hüququ şikayətləri əsasında bağlanması ilə bağlı araşdırma yayıb. Noyabrın 5-də dərc edilən və Silva Virtanenin müəllifi olduğu materialda saxta müəllif hüququ şikayətlərinin dünyada müstəqil jurnalistikanı məhdudlaşdırmaq üçün ucuz və sürətli senzura vasitəsinə çevrildiyi bildirilir.
IPI-ın yazdığına görə, bu üsuldan istifadə edən şəxslər media qurumlarının materialları ilə bağlı sosial şəbəkə platformalarına şikayətlər göndərirlər. Platformalar isə çox vaxt şikayətlərin əsaslı olub-olmadığını araşdırmadan materialları silir və ya hesabları bloklayır. Belə hallarda media qurumlarının hesablarını bərpa etdirməsi həftələrlə, bəzən isə aylarla çəkir.
Araşdırmada 2026-cı ilin avqustunda “Abzas Media”nın Instagram hesabının bağlanmasına xüsusi yer ayrılıb. Bildirilir ki, avqustun 22-dən 25-dək “Abzas Media”nın paylaşımları ilə bağlı dörd müəllif hüququ şikayəti göndərilib, onlardan üçü eyni elektron poçt ünvanından daxil olub. Dördüncü şikayət başqa ünvandan göndərilsə də, şikayətçinin adı əvvəlki müraciətlərdən birindəki adla eyni olub. Hesab üç gün bağlı qalıb və yalnız rəqəmsal hüquqların müdafiəsi ilə məşğul olan “Access Now” təşkilatının birbaşa “Meta” şirkətinə müraciətindən sonra bərpa edilib.
“Abzas Media”nın baş redaktoru Günel Səfərova IPI-a bildirib ki, azı dörd media qurumu – “Hamam Times”, “Meydan TV”, “Toplum TV” və “Azadlıq” qəzeti də saxta müəllif hüququ şikayətləri aldığını təsdiqləyib və bu şikayətlərin çoxunda eyni və ya oxşar adlardan və elektron poçt ünvanlarından istifadə olunub. “Biz bu hücumları koordinasiyalı adlandırırıq. Çünki mühacirətdə fəaliyyət göstərən əsas media qurumlarından eyni şəxslər, eyni elektron poçt ünvanları vasitəsilə şikayət edirlər”, – Səfərova bildirib. Onun sözlərinə görə, “Toplum TV”nin əməkdaşları hesablarının bərpasını 14 gün gözləməli olublar, “Azadlıq” qəzetinin Facebook səhifəsi isə aylarla bağlı qalıb.
Araşdırmada Gürcüstanın müstəqil araşdırmaçı media qurumu “Studio Monitor”un da 2026-cı ilin iyulunda YouTube hesabının bağlandığı, təxminən 20 illik araşdırmaçı jurnalistika arxivinin bir anda əlçatmaz olduğu bildirilir. Qurumun jurnalisti Marika Duduniyanın sözlərinə görə, şikayətçilərdən biri şikayəti sifariş əsasında göndərdiyini etiraf edib və onu geri götürmək üçün 380 dollar istəyib, jurnalist bu təklifi rədd edib.
IPI qeyd edir ki, eyni ölkədə bir neçə media qurumuna qarşı oxşar hücumlar 2026-cı ildə Albaniya, Kipr və Maltada da qeydə alınıb; Kiprdə eyni vaxtda yeddi media qurumu hədəfə alınıb.
“Abzas Media” Azərbaycanda təqiblərlə üzləşən müstəqil media qurumlarındandır: 2025-ci ilin iyununda Bakı məhkəməsi qurumun əməkdaşlarına 7,5 ildən 9 ilədək həbs cəzası verib. Noyabrın 6-da “Sərhədsiz Reportyorlar” (RSF) həbsdəki jurnalist Ülvi Həsənlinin cərimə kamerasına salınmasını pisləyib.


