APA TV-nin müxbiri Bakıda taxta bazarındakı yanğını işıqlandırarkən hücuma məruz qalıb
Jurnalist Sənan Bəhrəmliyə özünü mühafizəçi kimi təqdim edən şəxs xəsarət yetirib və avadanlığına zərər vurub; polis hücum edəni ərazidən uzaqlaşdırıb.

APA TV-nin müxbiri Sənan Bəhrəmli oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş güclü yanğını işıqlandırarkən hücuma məruz qalıb.
Jurnalist yanğını işıqlandırmaq üçün hadisə yerinə ezam olunub. Peşə fəaliyyətini yerinə yetirən müxbirə özünü mühafizəçi kimi təqdim edən şəxs hücum edib.
Əvvəlcə şəxsiyyətini açıqlamaqdan imtina edən həmin şəxs Sənan Bəhrəmliyə fiziki xəsarət yetirib, onu ağır söyüşlərlə təhqir edib və şirkətə məxsus texniki avadanlığa zərər vurub.
Müxbirə hücum edən şəxsin Heydər Sərdarov olduğu müəyyənləşdirilib. Hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində H. Sərdarov ərazidən uzaqlaşdırılıb.
Bu, son günlərdə Azərbaycanda jurnalistlərə qarşı fiziki zorakılığın ikinci halıdır: bir neçə gün öncə “Real TV” və “Space TV”nin əməkdaşları da məktəb qarşısında fiziki zorakılığa məruz qalmışdılar.



