İran Ordusunun sözçüsü: Rusiyadan Su-35 qırıcıları alınıb, onlar müharibədən sonra təhvil veriləcək
İran Ordusunun sözçüsü general Əkrəminiya ölkəsinin Rusiyadan Su-35 çoxməqsədli qırıcılarını aldığını, təyyarələrin müharibə başa çatdıqdan sonra təhvil alınacağını bildirib.

İran Ordusunun sözçüsü general Əkrəminiya 31 oktyabrda verdiyi müsahibədə İranın Rusiyadan “Suxoy Su-35” çoxməqsədli qırıcılarını aldığını açıqlayıb.
Sözçü bildirib: “Rusiyadan Su-35 qırıcılarını almışıq. Onları müharibədən sonra təhvil alacağıq.” Onun sözlərinə görə, təyyarələrin tədarükünə müharibə başa çatdıqdan sonra başlanılacaq. Açıqlamada təyyarələrin sayı və təhvil verilməsinin dəqiq tarixi göstərilməyib.
İran rəsmilərinin bu mövzuda əvvəlki açıqlamaları da olub. 2025-ci il yanvarın 27-də Xatəm-ül-Ənbiya Mərkəzi Qərargahının koordinator müavini, İnqilab Keşikçiləri Korpusunun komandiri Əli Şadmani İranın Rusiya istehsalı olan Su-35 qırıcılarını aldığını bildirmişdi. O zaman Şadmani təyyarələrin sayını və onların təhvil verilib-verilmədiyini açıqlamamışdı.
Bundan əvvəl, 2023-cü ilin martında İran mediası Tehranın Rusiyadan Su-35 qırıcılarının alınması barədə razılaşmanı yekunlaşdırdığını bildirmişdi.
İran və Rusiya 2025-ci ilin yanvarında Moskvada hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar. Sənəddə silah tədarükündən bəhs edilməsə də, tərəflər hərbi-texniki əməkdaşlığı genişləndirməyi öhdələrinə götürüblər.
Su-35 Rusiyanın “Suxoy” şirkətinin istehsal etdiyi çoxməqsədli qırıcı təyyarədir və Rusiya Hərbi Hava-Kosmik Qüvvələrinin silahlanmasındadır.


