Möhsün Rzai: İranda nüvə doktrinasının dəyişdirilməsi barədə yeni qərar qəbul edilməyib
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ABŞ vitse-prezidenti Cey Di Vensin məktubu ilə tanış olduğunu, lakin hələ cavab vermədiyini bildirib.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai oktyabrın 31-də bildirib ki, hökumətdə ölkənin nüvə doktrinasının dəyişdirilməsi barədə yeni qərar qəbul edilməyib.
Rzai deyib ki, müharibə yenidən başlayacağı təqdirdə əvvəlki nüvə doktrinasının saxlanılıb-saxlanılmayacağı ilə bağlı müzakirə gedir. "Xalqımızın nüvə doktrinasının dəyişdirilməsi sahəsində tələbləri var", – deyə o vurğulayıb.
Rzai, həmçinin, ABŞ vitse-prezidenti Cey Di Vensin məktubu ilə tanış olduğunu, lakin hələ ona cavab vermədiyini açıqlayıb. "Onların tonu tamamilə dəyişib və bu, İran xalqının öz qələbəsini və qüdrətini möhkəmləndirdiyini göstərən yaxşı əlamətdir", – deyə Rzai bildirib.
"Onlar məktubla bağlı heç nə açıqlamadıqları üçün mən də hazırda onun barəsində heç nə deməyəcəyəm", – deyə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi əlavə edib.
Həmin gün İranın xarici işlər naziri Abbas Əraqçi də Vensin məktubunun diqqətlə araşdırıldığını və yüksək səviyyəli iclaslarda müzakirə edildiyini bildirmişdi. Əraqçi hazırda ABŞ rəsmiləri ilə görüş planının olmadığını da demişdi.
Möhsün Rzai 1981–1997-ci illərdə İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı olub. İran rəsmi olaraq nüvə proqramının dinc məqsədli olduğunu və nüvə silahı əldə etməyə çalışmadığını bəyan edib.



