Kramatorsk mərkəzinə aviazərbə: şəhər icraiyyə komitəsinin binası dağılıb
Ukrayna tərəfi bildirib ki, Rusiya Kramatorsk şəhərinin mərkəzinə aviazərbə endirib və icraiyyə komitəsinin binası dağılıb.

Ukraynanın Donetsk vilayətindəki Kramatorsk şəhərinin mərkəzinə 31 oktyabr axşamı endirilən zərbə nəticəsində şəhər icraiyyə komitəsinin binası dağılıb. Bu barədə Kramatorsk şəhər hərbi administrasiyasının rəhbəri Oleksandr Honçarenko məlumat verib.
Honçarenko bildirib: “Bir saat əvvəl Rusiya Kramatorskda Ukrayna dövlətçiliyinin mərkəzi binasını aviazərbə ilə məhv edib.” Yayılan fotoda çoxmərtəbəli binanın fasadının ciddi dağıldığı, pəncərələrin qırıldığı və ətrafın dağıntılarla dolduğu görünür.
Ukrayna tərəfinin məlumatına görə, gün ərzində Donetsk vilayətində Kramatorsk və Slavyansk şəhərlərinin atəşə tutulması nəticəsində 6 nəfər xəsarət alıb. Rusiya qoşunlarının yaşayış sektorunu və avtomobilin hərəkət etdiyi yolu vurduğu bildirilib.
Ukrayna tərəfi həmçinin bildirib ki, gün ərzində Rusiyanın zərbələri nəticəsində Dnepropetrovsk vilayətində aralarında üç uşağın da olduğu 17 nəfər yaralanıb. Pavloqradda çoxmərtəbəli binalar, Ternivka icmasında bir müəssisə, Nikopol rayonunda isə fərdi evlər zədələnib. Xarkov vilayətinin Zoloçiv şəhərində Rusiya dronunun avtomobilə endirdiyi zərbə nəticəsində 16 yaşlı qız xəsarət alıb.
Kramatorsk Donetsk vilayətində Ukraynanın nəzarətində qalan ən böyük şəhərlərdən biridir və müharibə dövründə dəfələrlə hava zərbələrinə məruz qalıb. 24 oktyabrda Ukrayna tərəfi Rusiyanın Kramatorska endirdiyi aviazərbələr nəticəsində bir nəfərin həlak olduğunu, aralarında üç uşağın da olduğu altı nəfərin yaralandığını bildirmişdi.
Bundan əvvəl, 31 oktyabr səhəri Ukrayna tərəfi Rusiyanın Dnepropetrovsk vilayətinin enerji obyektlərinə yenidən hücum etdiyini, Dnepr və Kamyanske şəhərlərinin bir hissəsinin elektriksiz qaldığını bildirmişdi.


