İran Hərbi Dəniz Qüvvələri: Hörmüz boğazının şərqində qadağan olunmuş ərazidə hərəkət edən tanker minaya toxunaraq alovlanıb
İran Ordusunun Hərbi Dəniz Qüvvələri xəbərdarlıqlara məhəl qoymadan qadağan olunmuş ərazidə hərəkət edən və naviqasiya sistemlərini söndürən bir neft tankerinin dəniz minasına toxunaraq alovlandığını və hərəkətini dayandırdığını bildirib.
İran Ordusunun Hərbi Dəniz Qüvvələri noyabrın 7-də bildirib ki, həmin gün səhər Hörmüz boğazının şərqində bir neft tankerində yanğın baş verib.
Bəyanata görə, tanker xəbərdarlıqlara məhəl qoymadan qadağan olunmuş və təhlükəli ərazidə hərəkət edib, naviqasiya sistemlərini isə söndürüb. Tanker dəniz minasına toxunduqdan sonra alovlanıb və hərəkətini dayandırıb.
Hərbi Dəniz Qüvvələri bəyanatında xəbərdarlıq edib: “Xəbərdarlıqlara məhəl qoymayaraq qadağan olunmuş ərazilərdə hərəkət edən bütün gəmiləri və nəqliyyat vasitələrini eyni aqibət gözləyir.”
Tankerin adı, bayrağı, yükü və ekipaj üzvləri arasında itki olub-olmaması barədə məlumat verilməyib. İran tərəfinin açıqlaması müstəqil şəkildə təsdiqlənməyib.
İran Hörmüz boğazından gəmiçiliyə qoyduğu məhdudiyyətləri sərtləşdirib və hansı gəmilərin hansı şərtlərlə keçə biləcəyinə nəzarət etməyə çalışır.
Bundan əvvəl, noyabrın 4-də İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının cənubundakı qadağan olunmuş keçiddən keçməyə cəhd edən dörd neft tankerinin dəniz minalarına toxunduğunu bildirmişdi. Noyabrın 3-də isə Korpusun Hərbi Dəniz Qüvvələri boğazdan qanunsuz keçməyə cəhd edən üç tankerin yandığını açıqlamışdı.
Beynəlxalq Dənizçilik Təşkilatı noyabrın 6-da İran müharibəsinin başlanmasından bəri Hörmüz boğazında 25 dənizçinin öldürüldüyünü bildirib. Fars körfəzini Oman körfəzi ilə birləşdirən Hörmüz boğazı dünya neft ticarətinin ən mühüm dəniz yollarından biridir.


