BMT Qaçqınlar üzrə Ali Komissarlığının Süveydadakı ofisinin rəhbəri silahlı toqquşmada yaralanıb
İordaniya vətəndaşı Əli Bibi Süveydada silahlı qruplaşmalar arasındakı döyüşlər zamanı qəlpə yarası alıb və müalicə üçün İordaniyaya köçürülüb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Suriyanın Süveyda şəhərindəki ofisinin rəhbəri və Suriyanın cənubu üzrə koordinatoru Əli Bibi silahlı toqquşma zamanı yaralanıb.
İordaniya vətəndaşı olan Əli Bibi “Milli Qvardiya” adlandırılan və Hikmət əl-Hicrinin rəhbərlik etdiyi silahlı qruplaşmalar arasındakı döyüşlər zamanı bud nahiyəsinə qəlpə dəyməsi nəticəsində xəsarət alıb.
O, əvvəlcə Süveyda şəhərində yerləşən “Ət-Tibb əl-Hədis” xəstəxanasına aparılıb, daha sonra müalicəsini davam etdirmək üçün İordaniyaya köçürülüb.
Toqquşmalar şənbə günü, oktyabrın 31-də yanacaqdoldurma məntəqəsində yaranan mübahisədən sonra başlayıb və ağır silahlardan istifadə edilən silahlı qarşıdurmaya çevrilib. Süveyda vilayətində hökumət qüvvələri ilə silahlı qruplar arasında gərginlik davam edir.
Hikmət əl-Hicrinin rəhbərlik etdiyi “Milli Qvardiya” son bir il ərzində Suriya hökumət qüvvələri ilə dəfələrlə toqquşub. Avqustun 31-i gecəsi Süveyda şəhərinin qərbində Suriyanın Daxili Təhlükəsizlik Qüvvələri ilə bu qruplaşma arasında baş verən döyüşlərdə “Milli Qvardiya”nın bir üzvü həlak olub. Süveydadakı Daxili Təhlükəsizlik Komandanlığı həmin toqquşmalarda ən azı 10 təhlükəsizlik əməkdaşının yaralandığını, qruplaşmanın Təl Hədid və Vəlğa istiqamətlərindəki mövqelərə minaatanlar və iriçaplı pulemyotlarla hücum etdiyini bildirmişdi.
Əhalisinin əksəriyyətini druzların təşkil etdiyi Süveyda vilayətində 2025-ci ilin iyulunda druz silahlı qrupları, bədəvi tayfaları və hökumət qüvvələri arasında baş verən qanlı toqquşmalarda yüzlərlə insan həyatını itirmişdi.



