Azərbaycan, Ermənistan və ABŞ TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə start verib
Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin müavinləri ABŞ Dövlət katibinin köməkçisi Brendan Hanrahan ilə birlikdə TRIPP layihəsinin irəlilədilməsi üçün üçtərəfli texniki qrupların işinə başlayıb.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan TRIPP layihəsinin irəlilədilməsi məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə start veriblər. Bu barədə noyabrın 7-də məlumat yayılıb.
Texniki planlaşdırma qrupları üç ölkənin – Azərbaycan, Ermənistan və ABŞ-ın nümayəndələrindən ibarət üçtərəfli formatda fəaliyyət göstərəcək. Qrupların işi TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində texniki məsələlərin planlaşdırılmasına yönəlib.
Daha əvvəl ABŞ tərəfi TRIPP layihəsinin irəlilədilməsi üçün ikitərəfli işçi qrupların fəaliyyətə başladığını Ermənistan rəhbərliyinə bildirmişdi.
TRIPP Azərbaycanın əsas ərazisini Ermənistanın Sünik (Zəngəzur) bölgəsi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək tranzit marşrut layihəsidir. Layihə 8 avqust 2025-ci ildə Vaşinqtonda İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı birgə bəyannamədə yer alıb.
Həmin görüşdə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan iki ölkə arasında sülh sazişinin mətnini paraflayıblar. Bəyannamədə marşrutun Ermənistanın suverenliyinə və yurisdiksiyasına hörmət əsasında açılacağı qeyd olunub.


