SEPAH: Hörmüz boğazında icazəsiz marşrutla keçməyə cəhd edən iki neft tankeri minaya çırpılaraq yanır
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri bildirib ki, naviqasiya sistemlərini söndürən iki neft tankeri dəniz minalarına çırpılıb, partlayıb və hazırda yanır.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri 7 noyabr axşamı yaydığı bəyanatda Hörmüz boğazında icazəsiz marşrutla keçməyə cəhd edən iki neft tankerinin dəniz minalarına çırpıldığını və yandığını açıqlayıb.
Bəyanata görə, tankerlərdən biri Hörmüz boğazının şərqindəki ərazidə, digəri isə boğazın daxilində minaya düşüb. SEPAH bildirib ki, hər iki tanker çoxsaylı pozuntulara yol verdikdən, naviqasiya və mövqe müəyyənetmə sistemlərini söndürdükdən sonra boğazın icazəsiz marşrutu ilə keçməyə cəhd edib, minaya çırpılaraq partlayıb və hazırda çox şiddətli yanğın içindədir.
Bəyanatda tankerlərin adları, bayraqları, ekipajları və mümkün itkilər barədə məlumat verilməyib.
Bu gün səhər İran Ordusunun Hərbi Dəniz Qüvvələri də Hörmüz boğazının şərqində xəbərdarlıqlara məhəl qoymadan qadağan olunmuş və təhlükəli ərazidə hərəkət edən, naviqasiya sistemlərini söndürən bir neft tankerinin dəniz minasına çırpılaraq alovlandığını və hərəkətini dayandırdığını bildirmişdi. Ordunun bəyanatında xəbərdarlıqlara məhəl qoymayaraq qadağan olunmuş ərazilərdə hərəkət edən bütün gəmiləri eyni aqibətin gözlədiyi vurğulanmışdı.
İran tərəfi oxşar açıqlamaları əvvəllər də verib: 18 oktyabrda və 2 noyabrda da Hörmüz boğazında iki tankerin minaya çırpılaraq alovlandığı bildirilmişdi.
Hörmüz boğazı İran ilə Oman arasında yerləşir və Fars körfəzini Oman körfəzi ilə birləşdirir; dünyada dəniz yolu ilə daşınan neftin təxminən beşdə biri bu boğazdan keçir. Gün ərzində İraqın xarici işlər naziri Vaşinqton və Tehranla anlaşmalardan sonra Hörmüz boğazı ilə neft ixracını bərpa etdiklərini bildirmişdi.



