Ermənistan rəsmiləri Azərbaycanı Şikaox qoruğunun bir hissəsini nəzarətə götürməkdə ittiham edir
Ermənistan rəsmiləri Azərbaycan hərbçilərini sərhəddəki Şikaox təbiət qoruğunun bir hissəsini nəzarətə götürməkdə və meşələri qırmaqda ittiham edir. Azərbaycan tərəfi işğal iddialarını rədd edir.

Ermənistan rəsmiləri Azərbaycan hərbçilərini iki ölkənin sərhədində yerləşən Şikaox təbiət qoruğunun bir hissəsini nəzarətə götürməkdə və hərbi infrastruktur yaratmaq üçün meşələri qırmaqda ittiham edirlər.
Azərbaycan tərəfi isə Ermənistan ərazilərinin işğalı ilə bağlı iddiaları rədd edir və həmin ərazidə dövlət sərhədinin hələ rəsmi demarkasiya olunmadığını bildirir.
Ermənistan rəsmilərinin sözlərinə görə, Azərbaycan hərbçiləri 2021–2022-ci illərdə sərhəd boyunca irəliləyərək qoruğun bir hissəsinə nəzarəti ələ keçiriblər.
Şikaox qoruğu Ermənistanın cənubunda, Sünik vilayətində, Azərbaycanla sərhəd boyunca yerləşir. Qoruq 1958-ci ildə yaradılıb, sahəsi təxminən 10 330 hektardır və Ermənistanın ikinci ən böyük meşə qoruğu hesab olunur.
Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələləri iki ölkənin hökumət komissiyaları arasında müzakirə olunur. Tərəflər 2025-ci ilin avqustunda Vaşinqtonda sülh sazişinin mətnini paraflayıblar.
Oktyabrın 30-da Türk Dövlətləri Təşkilatının sədrliyini Azərbaycandan təhvil alan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Ermənistanla apardığı təmasları dəstəklədiklərini və davamlı sülh üçün töhfə verməyə davam edəcəklərini bildirib.

