Həbsdəki jurnalist Polad Aslanov səhhətinin ağırlaşması səbəbindən 20 günlük aclıq aksiyasını dayandırıb
Həyat yoldaşının sözlərinə görə, məktəblərdə hicab məhdudiyyətlərinə etiraz olaraq aclığa başlayan jurnalistin çəkisi 41 kiloqrama düşüb, həkimlər onun hər an komaya düşə biləcəyini bildiriblər.

Həbsdə olan “Xeberman.com” saytının rəhbəri, jurnalist Polad Aslanov səhhətinin ağırlaşması səbəbindən 20 gün davam etdirdiyi aclıq aksiyasını dayandırıb. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova noyabrın 2-də sosial şəbəkə hesabında məlumat yayıb.
Gülmirə Aslanovanın sözlərinə görə, məktəblərdə hicabla bağlı tətbiq olunan məhdudiyyətlərə etiraz olaraq oktyabrın 12-də aclıq aksiyasına başlayan jurnalist oktyabrın 31-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində aksiyanı dayandırıb. O, həyat yoldaşının səhhətinin ağırlaşdığını, çəkisinin 41 kiloqrama düşdüyünü bildirib.
Gülmirə Aslanova Polad Aslanovun sözlərini belə çatdırıb: “Çəkim 41 kq, təzyiqim 50/80 idi. Artıq su da qəbul edə bilmirdim. Gözlərim qaralır, qulaqlarımdan şiddətli ağrılar qalxırdı. Həkimlər hər an komaya düşəcəyimi və iflic qala biləcəyimi bildirdilər. Səhhətimdə yaranan problemlərdən dolayı aclıq aksiyasını dayandırdım. Gücüm bu qədər yetdi”.
Jurnalist həmçinin oktyabrın 12-də saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsində döyüldüyünü, üç gün sonra Müalicə Müəssisəsinə köçürülərkən üzündə və boynunda zorakılıq izlərinin olduğunu bildirib. Onun sözlərinə görə, Müalicə Müəssisəsinin həkimləri həmin izlərin fotolarını çəkiblər. Aslanov ona baş çəkən Ombudsman Aparatının əməkdaşlarına da 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ramiq Nəsibovun və Teymur adlı əməkdaşın onu döydüyünü bildirdiyini, onların da fotolarını çəkdiyini deyib.
Gülmirə Aslanova jurnalistin döyülməsinə səbəbin onun hicab qadağasına etiraz olaraq aclıq aksiyasına başlaması olduğunu iddia edib. Bundan əvvəl “Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı Polad Aslanovun döyülməsi ilə bağlı məlumatlardan narahatlığını ifadə edərək bildirib: “Azərbaycan hakimiyyəti hücumla bağlı məlumatları dərhal müstəqil şəkildə araşdırmalı, Polad Aslanovun tibbi etika qaydalarına uyğun yardım göstərəcək ixtisaslı tibb işçilərinin xidmətindən lazımi şəkildə istifadə etməsini təmin etməlidir”.
Polad Aslanov oktyabrın 8-də məktəblərdə hicabla bağlı məhdudiyyətlərə etiraz olaraq aclıq aksiyasına başladığını açıqlamışdı. Həyat yoldaşının sözlərinə görə, bundan sonra Ədliyyə Nazirliyinin əməkdaşı Anar Quluzadə jurnalistlə görüşərək hicabla bağlı məsələnin həll olunacağını bildirib. Aslanov bu vəddən sonra aclığı dayandırsa da, oktyabrın 12-də yenidən aksiyaya başlayıb. Jurnalistin döyülməsi, saxlanma şəraiti və səhhəti ilə bağlı iddialara Penitensiar Xidmətin və Ombudsman Aparatının münasibəti açıqlanmayıb.
Polad Aslanov 2019-cu il iyunun 12-də həbs edilib və Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum olunub. Jurnalist ittihamı qəbul etmir və peşə fəaliyyətinə görə cəzalandırıldığını bildirir. O, həbsdə olduğu illər ərzində də dəfələrlə aclıq aksiyası keçirib.



