Həbsdəki jurnalist Polad Aslanovun həyat yoldaşı: həbsxana rəisi onu döyüb
Gülmirə Aslanova jurnalistin aclığa başladığı gün 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi və əməkdaşı tərəfindən döyüldüyünü bildirib.

Həbsdə olan jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova onun hicab qadağasına etiraz olaraq aclığa başladığı gün 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ramiq Nəsibov və müəssisə əməkdaşı tərəfindən döyüldüyünü bildirib. Onun sözlərinə görə, hadisədən oktyabrın 29-da Polad Aslanovla telefon danışığı zamanı xəbər tutub.
Polad Aslanov Azərbaycanda məktəblərdə hicab taxılmasına qoyulan qadağaya etiraz olaraq oktyabrın 12-dən aclıq aksiyası keçirir. O, oktyabrın 15-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Jurnalist baş verənlərlə bağlı vəkillə təmin olunmasını istəyib.
Aslanovanın sözlərinə görə, ona həyat yoldaşı ilə görüşə icazə verilmir, aclığa 52 kiloqram çəki ilə başlayan jurnalistin çəkisi 42 kiloqrama düşüb.
“Xeberman.com” saytının rəhbəri Polad Aslanov 2019-cu il iyunun 12-də həbs olunub və “dövlətə xəyanət”də təqsirli bilinərək 13 il azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etmir.



